Seçkidə saxtakarlıq iddialarına Ağ Ev münasibət bildirib

Ağ Ev ABŞ-ın yeni prezidenti Donald Trampın üç ştatda (Virciniya, Nyu-Hempşir, Kaliforniya) səsvermənin nəticələrinin Hillari Klintonun xeyrinə saxtalaşdırıldığına dair bəyanatına münasibət bildirib.
Ağ Evin sözçüsü Coş Ernest “Reuters”ə açıqlamasında bu bəyanatın həqiqəti əks etdirmədiyini deyib: “Bəyanatın doğruluğunu təsdiqləyən heç bir sübut göstərilməyi”.
Qeyd edək ki, Yaşıllar Partiyasından namizəd Cill Stayn səslərin Viskonsin, Miçiqan və Pensilvaniyada təkrar sayılmasını tələb edib. Əgər bu 3 kritik ştatda nəticə Klintonun xeyrinə dəyişsə, Trampın prezidentliyi təhlükə altına düşəcək.
Staynın bu müraciətindən sonra Tramp da rəqibi Hillari Klintona verilən səslərdən milyondan artığının saxta olduğunu bildirib.
“Xalq sözünü deyib, seçki başa çatıb. Hillari Klinton məğlubiyyətini etiraf edərək məni təbrik edib. Biz bu nəticələri tanımalı və gələcəyə baxmalıyıq», deyən Tramp Cill Staynın təşəbbüsünü dələduzluq adlandırıb.
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. ABŞ-da prezidenti ştatların müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezidentlik üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Tramp 306, Klinton isə 232 səs toplayıb.