Sivil Toplum Platforması mövqe sənədi yayıb

Sivil Toplum Platforması Baş prokurorun Cinayət Məcəlləsinə yeni 148-1-ci maddənin əlavə edilməsi habelə 323-cü maddələrinə dəyişiklik və əlavələrin edilməsi haqda qanun layihəsi təklifi ilə əlaqədar Mövqe sənədi yayıb.
“Azərbaycan Respublikasının Milli Məclisi Cinayət Məcəlləsində təhqirə görə mövcud olan 148-ci maddəyə baxmayaraq, məcəlləyə yeni 148-1-ci maddə əlavə etməyə habelə Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmağa görə məsuliyyət müəyyən edən 323-cü maddəyə dəyişikliklər etməyə hazırlaşır. Dəyişikliklər ifadə azadlığı hüququ ilə bağlı əməllərin daha da sərt cəzalandırılmasını nəzərdə tutur. Noyabrın 23-də Milli Məclisin saytında dərc olunan bu qanun layihəsini Azərbaycan Respublikasının Baş prokuroru təklif edib”, – deyə sənəddə bildirilir.
Təklifdə internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə, habelə, ölkə başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltmağa görə məsuliyyət nəzərdə tutulur. Böhtan atma və ya təhqir etməyə görə, 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzasının verilməsi təklif edilir. İnternetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək dövlət başçısının şərəf və ləyaqətini aşağılamağa görə isə 1000 manatdan 1500 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təklif olunur.
Sivil Toplum Platforması cəzaların daha da sərtləşdirilməsini ölkə Konstitusiyasına, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa İnsan Haqları Konvensiyasına, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı öhdəliklərə zidd olduğunu qeyd edir. STP vurğulayır ki, İfadə azadlığı hüququ təkcə öz adı altında deyil, həm də təxəllüs və ya bəlli olmayan anonim (saxta) adlar altında ifadələr yaymaq azadlığını əhatə edir. Saxta və açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət növlərinin müəyyən edilməsinin də heç bir məntiqi əsası yoxdur.
Təklif olunan dəyişikliklərin guya, həmin maddələrin internetdəki saxta profillərə də tətbiq olunması üçün edilməsi ilə əsaslandırılması əslində, cəzaların sərtləşdirilməsini pərdələmək üçün bəhanədən başqa bir şey deyil. Çünki məcəllənin hazırkı mətni onun anonim ifadələrə də tətbiq edilməsini nəzərdə tutur. STP təkliflərin bilavasitə məhdudiyyətləri sərtləşdirməyə xidmət etdiyini, zərərli və absurd olduğunu vurğulayır.
STP yada salır ki, hökumətin hələ 2011-ci ildə qəbul etdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”na əsasən, böhtan və təhqirə görə cinayət məsuliyyəti ümumiyyətlə, ləğv olunmalı idi. Venesiya Komissiyası Azərbaycanda diffamasiyadan müdaifə haqqında 14 Oktyabr 2013-cü il tarixli rəyində vurğulayıb ki, “diffamasiya ilə əlaqədar müddəalar müəyyən olunan zaman həddən artıq sərt qaydalar və sanksiyalara yol verilməməlidir. Diffamasiyaya görə tutarlı, effektiv, mütənasib tədbirlər mülki hüquqla təmin oluna bilər”.
STP hesab edir ki, bütün bu gözləntilərin əksinə olaraq baş prokurorun ifadə azadlığından istifadəyə görə cəzaların sərtləşdirilməsini təklif etməsi ölkə başçısının təsdiqlədiyi proqramdan geri çəkilmə, habelə, hökumətin sözə görə cinayət cəzaları verən qanunvericiliyi dəyişdirmək barədə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir.
STP eyni zamanda qeyd edir ki, internetdəki saxta profillərin yaydığı məzmun da daxil olmaqla, aşağılayıcı fikirlərdən müdafiə və şəxsi həyatın qorunması əhəmiyyətlidir. Bununla belə, vurğulanmalıdır ki, praktikada belə qanunlar ən çox Azərbaycan hökumətinə münasibətdə tənqidi mövqe tutan jurnalistlərə, bloggerlərə və sosial media fəallarına qarşı həddən artıq istifadə olunur.
STP Milli Məclisi sözügedən dəyişikliklər layihəsini dərhal parlamentin gündəliyindən çıxarmağa, ifadə azadlığı hüququ ilə bağlı düzənləmələri Konstitusiyaya, Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırmağa və “Defamasiya haqqında” qanunu müzakirəyə çıxarıb qəbul etməyə çağırır.