Terapiyasız şok – Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev
Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək.
Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycanda 5% kiritik yoxsulluq və 28% təminatlı orta təbəqə arasında qalan 67%-lik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər. Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəi tədqidə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.
Bizdə 1-ci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirlərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdu. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz iqtisadiyyatdan söhbət gedir.
Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətlə pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 miyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.
Təkcə bir faktı xatırlatma kifayətdir ki, manatın 2 dəfə ucuzlaşdığı, ən zəruri istehlak mallarının səbətinin 50%-dək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10% indeksasiya edilib.
Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 mlrd. manat az olacaq.
90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı “şok terapiyası” islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boloviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.
Bizdə isə indi şok var, amma terapiya yoxdu. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflğını təmin etməyə maraqlı görünmür.
İndi isə islahatlar çox gec görünür – vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi…
MƏNBƏabzas.net
Əvvəlki məqaləTarif Şurası işığın və qazın qiymətlərini qaldırdı
Növbəti məqalədəElmar Vəliyevin “Neftçi” rəsmilərini polis vasitəsilə aşağıladığı deyilir