Vəkil: “Hökümət cəbhəçilərin tutulması üçün qrafik tərtib edib”

“Dünən həbs olunmuş və barəsində 30 gün inzibati həbs tədbiri tətbiq olunmuş İslam Sahiboğlu ilə bu gün Binəqədidəki cəzaçəkmə müəssəsində görüşdüm. Əhval-ruhiyyəsi yüksəkdir, bütün dostlarına salam göndərir”.
“Abzas”ın məlumatına görə, bunu vəkil Əsabəli Mustafayev sosial şəbəkədəki səhifəsində yazıb.
Vəkil qeyd edib ki, həbsinin rəsmi versiyası köhnə hamamdakı köhnə tası xatırladır: yaşadığı evdən çıxan kimi küçədə yüksək səslə nəlayiq söyüşlər səsləndirmiş, bu hərəkətinin dayandırılması barədə polisin tələbinə tabe olmamışdır.
“Deyəsən hökümət indiki və gələcək büdcələrdəki bütün avroları cəbhəçilərə xərcləmək istəyir. Hökümət cəbhəçilərin tutulması üçün qrafik tərtib edib. Son aylar hər cümə günü bir nəfəri tutur. Mən də məcbur olub şənbə günü gedirəm cəzaçəkmə müəssəsinə həbsdə olanla görüşmək üçün. Topladığım məlumatlar əsasında şənbə və bazar günləri apellyasiya şikayəti tərtib edirəm ki, 1-ci gün məhkəməyə təqdim edim. Onunsuz da bu həbslər və Avropa Məhkəməsindəki işlər son 5 ildə bayram və istirahət günlərini vəkilləri istirahətdən məhrum edib”- deyə Ə.Mustafayev bildirib.
Qeyd edək ki, noyabrın 25-də AXCP Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu inzibati qaydada 30 sutka həbs edilib.  AXCP gənc fəalın həbsini hakimiyyətin AXCP-yə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirib.