VCMK mülkiyyət hüquqlarının təminatı və siyasi məhbuslar məsələsini müzakirə edib

Bazar ertəsi Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) iclasında Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı problemlər müzakirə edilib.
VCMK-nın hazırki sədri Qubad İbadoğlu Turan-a bildirib ki, iclas iştirakçıları Bakıda qəzalı vəziyyətdə olması elan edilən 1000-ə yaxın binanın sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı hakimiyyətin planları kontekstində mülkiyyət hüquqlarına dair vəziyyət müzakirə edilib.
Bu qədər kütləvi söküntünün səbəbləri, əhalinin köçürülməsi və yeni tikililərin maliyyə mənbələrinə aydınlıq gətirilməsi barədə müvafiq dövlət orqanlarına sorğu göndərilməsi qərara alınıb.
Bununla yanaşı VCMK evləri sökülən vətəndaşlara məsləhət xidmətləri göstərməyi planlaşdırır.
Bundan əlavə, VCMK “Sovetski” və Bakı beynəlxalq avtovağzalı ətrafında evlərin kütləvi sökülməsi zamanı mülkiyyət hüquqlarının pozulması hallarının jurnalist araşdırmasına yardım göstərmək niyyətindədir.
VCMK siyasi məhbuslar və cəzaçəkmə yerlərində işgəncələr məsələsini də müzakirə edib.
Qeyd olunub ki, müstəqil məhkəmə sisteminin olmaması səbəbindən son illər siyasi məhbusların sayı artıb. Digər tərəfdən, cəzaçəkmə yerlərində vətəndaş nəzarətinin olmadığı şəraitdə işgəncə və qeyri-insani davranış faktlarının sayı artır.
Siyasi məhbuslar məsələsi üzrə vətəndaş cəmiyyəti forumunun keçirilməsi və müstəqil hüquq-müdafiə təşkilatlarının iştirakı ilə koordinasiya strukturunun yaradılması qərara alınıb.
İclas iştirakçıları həmçinin iqtisadi islahatların yubadılması ilə bağlı narahatlığını bildirib.
VCMK-nın növbəti iclasında mütəxəssislərin iştirakı ilə bu məsələnin müzakirəsi qərara alınıb.