”Yanan bina işi”: MTN rəhbərliyi işçi vasitəsilə Miryusif Mahmudovla əlaqə yaradaraq pul tələb edib

Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı təqsirləndirilən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid Məlahət Ağasıyevanın məhkəməyə daxil olan ərizəsi elan edilib.
O, ərizəsində istintaqa verdiyi ifadəsini təsdiqləyib. Qeyd edib ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində həkim işləyib. Onun bildirdiyinə görə, poliuretan materialın tərkibində zəhərli maddə olması müəyyən edilib və bu da zəhərlənməyə səbəb olub.
Hakim daha sonra şahid Məlahət Ağasıyevanın ifadəsini elan edib. O, ifadəsində işlədiyi dövrdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyovun əleyhinə ifadə verib.
Təqsirləndirilən Akif Əlibəyov isə Məlahət Ağasıyevanın ona böhtan atdığını, qərəzli ifadə verdiyini deyib. Bildirib ki, Məlahət Ağasıyeva işdən töhmətlə kənarlaşdırılıb. Buna görə də, o, düşmənçilik edir.
Daha sonra Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O 21 nəfərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Bildirib ki, həmin şahidlərdən biri Arif Əliyev “Qlobal Stone” MMC-nin işçisi olub: “MTN rəhbərliyi bu işçi vasitəsilə Miryusif Mahmudovla əlaqə yaradaraq pul tələb edib”.
Hakim vəsatəti növbəti prosesdə müzakirə edəcəklərini deyib.
İclas noyabrın 15-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.