Əfqanıstanın ilk qadın pilotu ABŞ-da sığınacaq istəyib

Əfqanıstanın Hərbi Hava Qüvvələrinə qatılmış qadın pilot uzunmüddətli hazırlıq kursundan sonra vətəninə geri qayıtmaqdan imtina edib və ABŞ-dan sığınacaq istəyib. Bu barədə The Guardian məlumat verir.
25 yaşlı kapitan Nilufər Rəhmani qorxduğunu açıqlayıb. O ölkədə vəziyyətin daha da pisləşdiyini, Əfqanıstanda qalmağın təhlükəli olduğunu, miqrasiyadan başqa seçiminin olmadığını bildirib: “Mən həmişə öz ölkəmdə sevgi naminə uçmaq istəmişəm. Mən bütün çətinliklərdən keçmişəm, çünki səmanı arzulayırdım. Lakin həyatım üçün narahatam”.
Sığınacaq veriləcəyi təqdirdə ABŞ Hərbi Hava Qüvvələrində xidməti və ya kommersiya şirkətində iş üçün müraciət etməyi planlaşdırır.
Əfqanıstan Müdafiə naziri Məhəmməd Radmaniş Rəhmaniyə sığınacaq verilməyəcəyinə ümid edir: “Əgər bir hərbiçi ölkədəki vəziyyətdən şikayət edirsə adi insanlar nə etsin? O özünə yaxşı bəhanə tapıb, lakin bizdə yüzlərlə təhsilli, feminist və ya hüquq müdafiəçisi qadın var, onlar işləyir və özünü təhlükədə hiss etmirlər”.
ABŞ Dövlət Departamenti tərəfindən cəsarətinə görə təltif olunmuş Nilufər Rəhmani 2013-cü ildə Texasda təhsilini başa vurub. Təhsil aldığı müddətdə ona dəfərlərlə təhdid məktubları gəlib.
Qeyd edək ki, hal-hazırda Əfqanıstanda vətəndaş müharibəsi gedir. “Taliban” hərəkatı ölkədə genişmiqyaslı hücumlar təşkil edir.