Ağır sənaye və maşınqayırmanın inkişafı üçün 2,9 mlrd manat [Strateji yol xəritəsi]

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” dərc edilib.
Preambulada göstərilir ki, Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.
Turan-ın məlumatında deyilir ki, bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016–2020-ci illər ərzində ağır sənaye və maşınqayırma sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilib: mövcud aktivlərin optimallaşdırılması; rəqabətədavamlı sektorun yaradılması; maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Mövcud aktivlərin optimallaşdırılması hədəfi çərçivəsində ağır sənaye və maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılması, enerji istehlakında optimal səmərəliliyin təmin edilməsi, aktivlərin və mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması üzrə tədbirlər nəzərdə tutulur.
Rəqabətədavamlı sektorun yaradılması hədəfi regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin, habelə bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi fəaliyyətlərini əhatə edir.
2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu təsirin əldə olunması üçün dövlət-özəl resursları hesabına 2,9 milyard manat investisiya qoyuluşu tələb edilir.
Ağır sənaye və maşınqayırmada prioritetlər mədən sənayesi (neft-qaz sektoru istisna), metallurgiya, tikinti materialları istehsalı, neft-qaz sektoru və kənd təsərrüfatında maşınqayırma sənayesi, elektrik avadanlığlı istehsalı, maşınqayırma sektorunda xidmət sahəsinin inkişafıdır.
2020-ci ilə kimi ilkin məqsədlər ağır sənaye və maşınqayırma sahəsində əmək məhsuldarlığının müvafiq sahələrdə 20 faizədək artırılması; məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılmasıdır. Eləcə də minimum 5 işləməyən müəssisənin işinin 2020-ci ilə kimi bərpa edilməsi, 10 müəssisənin təmayülünün dəyişdirilməsi, yeni polad istehsalı zavodunun tikintisi və dəmir filizi hasilatı, ağır sənaye üzrə idxalın 20% azaldılması, kənd təsərrüfatı avadanlığı istehsalı üçün ehtiyat hissəslərin idxalının 65% azaldılması, hasilat avadanlığı üçün hissəslərin idxalının 45%-dək azaldılması nəzərdə tutulur.