“Azərsu” Turan agentliyinin suallarını cavablandırmaqdan yayınır

Dekabrın 21-də Turan İnformasiya Agentliyinin “Azərsu” dövlət ASC-yə qarşı iddiası üzrə ikinci məhkəmə iclası keçirilib.
Məhkəmə agentliyin informasiya sorğusuna cavab verilməsi üçün növbəti dəfə “Azərsu”ya dekabrın 30-dək vaxt verib. Bu qərar “Azərsu”nun nümayəndəsi cavab hazırlamaq üçün vaxt istədikdən sonra qəbul edilib.
Dekabrın 9-na təyin edilmiş əvvəlki iclas təxirə salınmışdı. Buna 1 saylı Bakı-İnzibati-İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovanın həmin gün Ədliyyə Nazirliyinin seminarında iştirak etməsi səbəb olub.
Turan agentliyinin iddiası üzrə ilk məhkəmə noyabrın 28-də keçirilib. İddia dövlət başçısının “Əhalinin suölçən cihazlarla təmin edilməsi barədə” 2016-cı il 29 mart tarixli sərəncamının icrası ilə bağlı suala cavabın olmaması ilə əlaqadar qaldırılıb. Sərəncama görə, sayğacların alınmasına və quraşdırılmasına 12 mln. manat ayrılıb. Məhkəmə iclasında “Azərsu”nun nümayəndəsi məhkəmədə bildirib ki, iddia ərizəsini bu günlərdə alıb və iş ilə tanış deyil. O, agentliyin informasiya sorğusunun öyrənilməsi üçün vaxt istəyib.
Bu gün məhkəmə zamanı Turan agentliyinin direktoru Mehman Əliyev növbəti dəfə hakimi informasiyanın təqdim olunmaması faktına hüquqi qiymət verməyə və cavab verilməməsinə görə “Azərsu”dan maksimum 1500 manat cərimə tutulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 374 və 382 maddələrini tətbiq etməyə çağırıb.
M.Əliyev “KİV haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” (maddə 9.3.12) qanunların kobud şəkildə pozulduğunu  bir daha xatırladıb. Lakin hakim Ə.Məmmədova deyib ki, hələlik cinayət tərkibi müəyyən edilməyib (?!) və məhkəmə hər hansı qərar çıxara bilməz.
“Məhkəmə dinləmələri göstərir ki, məhkəmə sistemi qarşıya qoyulan məsələlərə operativ reaksiya verməyə qadir deyil. Mən bir jurnalist kimi, üç aydır ki, məqalə üçün suallara cavab ala bilmirəm. Bu, nonsensdir. “KİV və informasiya azadlığı haqqında” qanuna görə, cavab maksimum 24 saat ərzində hazırlanmalıdır”, – M.Əliyev bildirib.
Sonra o qeyd edib ki, hələ 10 il öncə  diffamasiya, müəllif hüquqlarının pozulması, informasiya əldə olunması azadlığı və s. üzrə iddialara baxılması üçün ixtisaslaşdırılmış məhkəmə orqanının yaradılmasını təklif edib. “Vəziyyət göstərir ki, bu məsələ aktual olaraq qalır”, – M.Əliyev vurğulayıb.
2006-cı ildə prezident İlham Əliyevin tapşırığı ilə “Azərsu” tərəfindən 2008-ci ilin sonunadək su sayğaclarının quraşdırılması üzrə Dövlət Proqramı elan edilib. Sonradan dövlət başçısı prosesin 2007-ci ildə başa çatdırılmasını tələb edib. 10 il keçsə də proqram ancaq 60% yerinə yetirilib ki, bu da ölkədə istehlak edilən suyun həcmi və bu məqsədlə  abonentlər, dövlət və xarici kreditlərin hesabına maliyyələşdirilən  xərclərin həcmi  barədə düzgün nəticələrə gəlməyə imkan vermir.