Elgiz Qəhrəman: “Dedi ki, Fətullah Gülənlə mesajlaşmısan və burda da çevrilişi keçirmək istəyirsiz”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus Elgiz Qəhrəmanın işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“Sən amerikan filmlərinə çox baxmısan, çox böyük-böyük danışma”
Abzas.net xəbər verir ki, Elgiz Qəhrəmanlı məhkəmə zamanı həbsi və ardınca baş verənlərlə bağlı çıxış edib:
“Avqustun 12-si Tarqovıda gəzərkən, 3 nəfər yaxınlaşdı. Adımı və soyadımı soruşduqdan sonra isə qoluma girib apardılar. Bu oğurluqdur. Maşında bütün sənədlərimi, şəxsiyyət vəsiqəsini, telefonumu, ev və ofisin açarlarını, anamın şəkilləri və cibimdə olan siqareti belə götürdülər. Əvvəlcə bölməyə, ardınca “Bandotdel”ə aparıldım. Bir saat sonra Şahlar adlı biri yanıma gəldi, əllərim qandallı vəziyyətdə cibimə narkotik atdı. Sonra rəisin otağında əməliyyatçılar tərəfindən döyüldüm, şahidlər də orada idi. Məcburi şəkildə ərizə yazmağımı istədilər. Rəis sonra mənə dedi ki, cibində olan narkotikanın miqadarı çox azdır, 3 ilə qədər iş verilə bilər. Dövlət vəkili gələcək və onunla razılaşmalısan. Sən amerikan filmlərinə çox baxmısan, çox böyük-böyük danışma”.
Daha sonra Elgiz Qəhrəmanlı qeyd edib ki, hansı səbəblə həbs edildiyinə dair məlumatı olmayıb. Günlərlə işgəncələrə məruz qalıb, səbəbini soruşduqdan sonra isə Türkiyədə baş verən çevrilişin burda da həyata keçirilməsi kimi məqsədinin olduğunu deyiblər:
“Avqustun 13-ü məhkəməyə çıxarıldım, sanksiya verildi. Ancaq hansı maddə ilə iş verildiyini o vaxta kimi bilmirdim. 15-i yenidən rəisin otağında nə üçün tutulduğumu soruşanda, yaxında bilərsən deyə cavab verdi. Bu hadisədən sonra isə məndən müsadirə etdikləri açarlar vasitəsilə ofisimə gediblər, kamera sistemi, komputer və şəxsi əşyalarıma əl qoyublar. Komputerim şifrəsiz olduğu üçün, facebook profilimə daxil olsalar da, bir şey tapa bilməyiblər. Profilimdə əsasən Türkiyə ilə bağlı xəbərlər paylaşmışdım, universitetlərin rektor və dekanlarının dəyişilməsi, 50 min insanın həbsi kimi materiallar yerləşdirmişdim. Azərbaycanla bağlı yalnız bir yazım var idi, Əli Əhmədovun Şah İsmayıl Xətai ilə əlaqəli çıxışını paylaşmışdım və ömrü də o qədər uzun olsun deyə yazmışdım. Yəqin ki, buna görə bütün hadisələr baş verdi, ancaq orda tamamilə ironiya var idi. Bir insanı buna görə həbs edib, əziyyət verməzlər. Əlim qandallı olduğunda başıma 49 zərbə endirdilər, cinsi orqanım və ayaqlarımın altına qədər döyüblər. Rəisin özü də, əməliyyatçılar və hal şahidləri də döyülməyimdə iştirak edirdilər. Otaqdakılardan biri rəisin qulağına nəsə pıçıldadıqdan sonra, o mənə dedi ki, Fetullah Gülen ilə mesajlaşmısan və Türkiyədəki çevrilişi burada da həyata keçirmək istəyirsiz, bunu boynuna almalısan. Mən də bildirdim ki, Fetullah Gülen ilə mesajlaşdığımı boynuma alaram, problem yoxdur”.
“Ya xoşluqla yazacaqsan, ya da zorla biz yazdırarıq”
Elgiz Qəhrəmanlı evindən tapıldığı deyilən kitablar barədə də danışıb. O qeyd edib ki, kitablardan biri rus dilindədir, o isə rus dilini bilmir:
“Ayın 17-si vəkillər Fariz Namazlı və Nemət Kərimli yanıma gəldi və müqavilə imzalandı. Ayın 19-u isə müstəntiqin otağına gətirildim, məhkəməyə çıxamayacağımı dedilər. Ancaq etiraz etdim və əməliyyatçılar bildirdi ki, ya xoşluqla yazacaqsan, ya da zorla biz yazdırarıq. Daha sonra Məmmədov Kamilin otağına apardılar, orda da eyni qaydada təzyiqlərə məruz qaldım. Evimə Səid Nursi ilə bağlı 2 kitabça qoyublar və tapdıqlarını dedilər. Kitablardan biri rusca olub, halbuki mən rusca bilmirəm. Evdə axtarışla bağlı zorla protokol imzalatdırdılar, fiziki təzyiq göstərdilər. Axtarışa etiraz etmədiyimə dair ərizə yazdırdılar.
Mən hələ də nə üçün həbs edildiyimi bilmirəm. Əgər FETO ilə bağlıdırsa, evdən tapıldığını dedikləri kitablarda çevrilişlə bağlı nəsə yoxdur. Ümumiyyətlə qadağan olunmuş ədəbiyyat deyil və bu haqda qanunvericilikdə məlumat yoxdur. Əgər həbsim facebook profilimdə yazımla bağlıdırsa, orda da nəsə yoxdur, sadəcə ironiyadan ibarətdir. İnsanı buna görə həbs etməzlər. Mən başa düşmürəm, dostlarım mənə zarafatla “başqan, başqan” deyirlər. Bəlkə buna görədir, bilmirəm. Hansısa təşkilatın rəhbəri olduğumu zənn edirlər, ancaq bu da ciddi arqument deyil”.
Daha sonra hakimlə Elgiz Qəhrəmanlı arasında maraqlı dialoq yaşanıb.
Hakim: Bəs sən özünə sual vermisən ki, mənə qarşı bu qərəz nədəndir, niyə yaranıb, nə etmişəm.
Elgiz Qəhrəmanlı: Mən də 4 aydır ki, bu sualı özümə verirəm, amma cavabı tapa bilməmişəm.
Gənc fəalın çıxışı zamanı ona işgəncə verənlərin adı məlum olub. Onun sözlərinə görə, döyənlər arasında “Banditizm”də şöbə rəisi Əlimərdanov Kərim Heydər oğlu, əməliyyatçı Cəfərov Şahlar Dadaş oğlu, hal şahidi və saxlayanlardan biri Məmmədov Kamil Bəylər oğlu da olub.
Daha sonra hal şahidi və əməliyyat rəhbəri olan Məmmədov Kamil ifadə verib. O bildirib ki, E.Qəhrəmanlının narkotikdən istifadə etməsi və alış-verişi ilə məşğul olması ilə bağlı onlara məlumat gəlib:
“Sonra Elgizə yaxınlaşdıq, özünü təqdim etdikdən sonra, polis bölməsinə bizimlə bərabər getməli olduğunu deyərək, xahiş etdik. Cibində siqaret və telefonun yanında kağıza bükülmüş bir şey var idi. Onun heroin olduğunu dedi. Evində axtarış aparıldığı zaman isə iki kitabça tapılıb və istintaqa təhvil verilib”.
Ardınca Elgiz Qəhrəmanlı verilən ifadəyə etiraz edib və bildirib ki, Məmmədov Kamil evdə axtarış edənlər arasında olmayıb. Elgizin sözlərinə görə, Məmmədov Kamil onu ilk dəfə idarədə görüb və işgəncə verənlərdən biri olub.
Əməliyyat işçsi Teymurov Mehman da ifadə verib. O ifadəsində bildirib ki, axtarışa iki maşınla gedilib.
Sonra dövlət ittihamçısı araya girərək, Elgizə suallar verməyə başlayıb.
Hal şahidi Musayev Rəşadın ifadəsi isə verilən suallarla düzgünlük təşkil etməyib. Geyimi ilə bağlı verilən suallara doğru cavab verə bilməyən şahidə Elgiz Qəhrəmanlı etiraz edib.
Daha sonra Rəsulov Tural ifadə verib və bildirib ki, o, Təbriz küçəsində elektik kimi çalışır. Tədbir olduğu qeyd edilərək, mayor Məmmədov Kamil tərəfindən əvvəlcə idarəyə, ardınca isə hadisə yerinə aparılıb. Hər iki şahid protokola imza çəkiblər.
Ardınca Elgiz Qəhrəmanlı “Bandotdel”də Əlimərdanov Kərim və Cəfərov Şahlar tərəfindən də işgəncəyə məruz qaldığını bildirib. Vəkil Fariz Namazlı bu barədə vəsatət qaldırıb və vəsatət qəbul edilib. Adı çəkilən əməliyyatçılar növbəti məhkəmə prosesində iştirak edəcəklər.
Məhkəmə prosesi dekabrın 26-sı saat 16:00-a təxirə salınıb.
Qeyd edək ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanlının siyasi motivlərlə həbs olunduğunu bəyan edib.