Elman Rüstəmov: Yeni sənəd hazırlanır, susmağımızın səbəbi budur

“Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqqında sənəd hazırlanır və bunun detalları hələ ki, tam açıqlanmır. Maliyyə Sabitliyi Şurasından ciddi iş və müzakirələr gedir”, – Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözləridir.
O, bu sözləri noyabrın 30-da Milli Məclisin iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib:
“Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Sənəd razılaşdırılmayana qədər susmağa üstünlük veririk. Bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”.
Milli iqtisadiyyatın gələcək inkişafı ilə bağlı “Yol Xəritəsi”nin ilkin draftı da artıq hazırdır.
İqtisadçı Rövşən Ağayev yazır ki, ola bilər, bu sənədlər çox keyfiyyətli olacaq. Hər iki sənədi hazırlayan iqtisadçı həmkarların zəhmətini yerə vurmaq ədalətli olmaz. Amma, bu sənədlərin heç biri ölkə iqtisadiyyatını böhrandan çıxarmağı, dayanıqlı iqtisadi inkişaf modeli formalaşdırmağı təmin etməyəcək. Problem idarəetmə və institusional mühitlə bağlıdır:
“Bu sənədlər niyə kömək etməyəcək? – sualının ən sadə cavabını isə “Piter prinsipi” açır. Müəllifinin (Laurence Johnston Peter) adı ilə bağlı olan prinsipə görə, hər bir fərd ixtiyari bir problemi həll edə biləcəyi səviyyəyə qədər inkişaf edir. Həmin səviyyədən sonra onun inkişafı dayanır, problemi həll etmək potensialı tükənir. Johnston Peter həmin səviyyəni fərdin karyerasının pik nöqtəsi adlandırır və bundan sonra ya eniş, ya da durğunluq var. Müəllif, bu halın xüsusilə dövlət idarəetmə orqanlarına aid olduğunu və həmin qurumlarda çoxsaylı qeyri-effektiv və öz işinin öhdəsindən gələ bilməyən insanların aşıb-daşdığını yazır”.
rovs%c9%99n-agayev
Rövşən Ağayev
İqtisadçı deyir ki, indiki idarəetmənin karyerasının pik nöqtəsi tikinti bumu mərhələsi idi. Saysız-hesabsız körpülərin, yol aşırımlarının, yeraltı-yerüstü keçidlərin, magistral yolların tikildiyi dövr. Ondan sonra yalnız eniş var:
“İdarəetmə kökündən dəyişməlidir. Vətəndaş cəmiyyəti və müstəqil “beyin mərkəzləri” ideya generasiya edən təsisatlar kimi tam dəstəklənməli, tam demokratik əsaslarla formalaşmış yerli və regional idarəetmə yaradılmalı, kommunal sektor qiymətlərin dövlət tənzimlənməsi qalmaq şərtilə konssesiya müqavilələri ilə özəl operatorlara ötürülməli, dövlət sərmayətutumlu layihələri yalnız özəl sektorla partnyorluq əsasında həyata keçirməli, icra hakimiyyətini tam nəzarət altında saxlayan, “beyin mərkəzi” səviyyəsində olan, siyasi baxışların müxtəlif olduğu parlament olmalı, heç bir siyasi basqıya boyun əyməyən, mülkiyyət hüququnu müqəddəs sayan məhkəmə olmalıdır”.
Rövşən Ağayev deyir ki, bunlar yoxdursa, hətta Harvard mütəxəssislərinin hazırladığı iqtisadi modelin belə işləmək şansı olmayacaq:
“Əsas problem siyasət sənədlərinin deyil, onları reallaşdıran təsisatların və mexanizmlərin keyfiyyəti ilə bağlıdır”.