Elmlər Akademiyasının işçisi işdən çıxarılıb və polis tərəfindən saxlanılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə bu gün həbs edilib. 
Abzas.net saytı xəbər verir ki, bu gün Fəlsəfə və Hüquq İnstitutunda Ruşad Ruşanzadə həbs edilib. Həbs edilməmişdən  bir neçə saat əvvəl onun işdən azad olunmağı ilə bağlı institutu direktoru İlham Məmmədzadə əmr imzalayıb.
İşdən azad olunmanın və həbsin səbəbləri məlum deyil.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Fəlsəfə və Hüquq İnstitutudan münasibət almaq mümkün olmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidməti telefonlarımıza cavab vermədi.
Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə də telefonlara cavab vermədi. Direktor müavini Roida Rzayeva işdə olmadığını və məsələdən xəbərsiz olduğunu, institutun elmi katibi Səidə Əliyeva isə Ruşan Ruşanzadənin işdən azad olunduğunu, amma çıxarılmanın səbəbləri ilə bağlı xəbərsiz olduğunu bildirdi. Katib bildirdi ki, məsələ ilə bağlı yalnız direktor məlumat verə bilər.
Adının çəkilməsini istəməyən mənbə bildirir ki, institutda müstəqil fikirli insanlara qarşı qərəzli münasibət var və bu hərəkətlər Yadigar Türkelin institutdan çıxarılmasından sonra davam edən təzyiqlər silsiləsindəndir.