Fərdləşən cəmiyyət – Nuriyyə Ağazadə

Nuriyyə Ağazadə
Məktəbdə, institutda, hətta həyatda belə öyrənmədiklərimi bəzən ətrafımda sayı çox da olmayan dəyərli insanların cəmiyyətə faydalı paylaşımlarını izləməklə yaddaşıma əxz etdim və hələ də etməkdəyəm. Həmin şəxslərə çox minnətdaram. Yazılarımda da əsas tənqid və müzakirə hədəfim şəxsimin də kiçicik bir parçası olduğu cəmiyytimizdir və düşünürəm ki, şərtlər belə getsə bu münasibətim uzun müddət bu cür davam edəcək.
Hamımıza sirr deyil ki, cəmiyyət olaraq çoxluğun psixologiyası “mağara” psixologiyasıyla məhdudlaşıb. Onlar yerdə qalan intellekt azlıqları öz varlıq və dəyişməmək inadkarlığıyla nəinki zorlayır, hətta o azlığa nüfuz etməyə həvəslidirlər. Buna görə də mədəniyyət deyilən özünü və məxsus olduğu toplumu ifadə etmə qabiliyyətinin deqradasiyası yüksələn xəttlər artır. Elə bil insanları ayağından aşağı çəkib onun məxsus olduğu toplumu tənəzzül etdirməyə and içiblər. Sürücü-piyada mədəniyyətindən tutmuş, ta dilənçilik mədəniyyətinə kimi səviyyə yerlərdə sürünür.
Misal gətirəcəyim iki nümunə arasındaki boşluğa yerləşdirəcəyim konkret sahə mədəniyyəti və etiketlərini sıralamam üçün 24 saat gərək “online” olum. Məsələn, şəhərimizdə günün hər hansı saatında mənasız tıxacların yaranma mənbəyi heç də DYP-nin yararsız xidməti və ya işıqforların texniki nasazlıqları deyil. Əsas səbəb yol hərəkəti təhlükəsizliyi mədəniyyətindən nəinki bixəbər, hətta ona yiyələnmək belə istəməyən, bir-birini leqal ya da qeyri-leqal maşın siqnallarının harmoniyası altında olmazın söyüş və qarğış bombardımanına məruz qoyan əksər sürücü və piyadalardır. Deməli, fərdlərdir.
Digər nümunəm də şəxsən öz başımıza gəlib. İsveçdən gələn qonağımı şəhərdə gəzdirərkən yaşadığım utanc dolu olayı heç vaxt unutmayacam. Şəhərimizin mərkəzi yerlərindən birində gəzinti zamanı telefonuma gələn zəngə cavab verməklə məşğul olduğum üçün qonağımı ikicə dəqiqəlik gözdən iraq qoymalı oldum. Bu əsnada dilənçi bir uşağın qonağımın pencəyini israrla çəkişdirdiyini gördüm. Adamın dilənçinin onu narahat etməmək çabası səhnəsi o qədər utancverici idi ki…
Qonağım uşağın sırtıqlığından şaşırmış vəziyyətdə olmasına baxmayaraq qayğıkeşcəsinə onun boyu səviyyəsinə uyğun gəlmək üçün aşağı əyildi, sanki başa düşəcəkmiş kimi ingiliscə: hey, belə olmaz, sənin atan-anan hanı? Sən axı bu vaxt məktəbdə olmalısan, kimi nəsihətlər yağdırmağa başladı. Elə bu vaxt uşaq da adamdan pul qopara bilməyəcəyini təxmin edib hırıldayaraq qollarını qonağımın əllərindən sivişdirib yazıq kişinin üzünə tüpürdü.
Halbuki, ikicə dəqiqə səbr etsəydi vəziyyət başqa cür ola bilərdi. Gün ərzində dilənərək toplaya bilmədiyi pulun bəkə də on qatını əldə edə bilərdi. Təsəvvür edin. Ölkəmin insanları haqda olan ağızdolusu anlatdığım təəssüratları yerlə bir etməməsi üçün o uşağın yerinə etdiyim üzrxahlıqların nə qədər işə yaradığına əmin deyiləm… Düşünəndə ki, onun yaşadığı ölkədə dilənçi məhfumu yalnız lüğətlərdədir, xəcalətimi ifadə edəcək kəlimələr tapmaqda acizəm…
Odur ki, fərd olaraq ilk növbədə savadlı, mədəniyyətli olmaq kimi maarifçilik və özünü tərbiyyəyə sahib olmalı və onu ətrafımıza aşılamalıyıq ki, sonradan “normal və sivil toplum” nümayəndəsiyəm deməyə hünərimiz çatsın. Yoxsa Formula1 kimi VİP yarışlar keçirtmək lüksü yaşayan ölkənin vətəndaşı olmaq, mədəni və modern cəmiyyətin nümayəndəsi olmaq anlamına gəlməz.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
MƏNBƏAbzas.net
Əvvəlki məqaləİsveçin zibili qurtarıb, indi onu idxal edir
Növbəti məqalədəÇempionlar Liqasının püşkatma nəticələri bəlli oldu