Hakim: “Elə gələn gözümüzə soxur ki, vətəndaşa xidmət etmişik”

“Gərək insanın bir sifəti olsun. İstintaqda başqa, burada başqa ifadə verirsiniz. İstintaqa verdiyiniz ifadələr daş altında olan ilan kimidir. Daşın altından çıxır və üzünüzə durur ki, belə deyil. 1 ildən az bir vaxt keçib. Ancaq əksəriyyətiniz ifadələrinizi xatırlamadığınızı deyirsiniz”.
Bunu məhkəmədə hakim Əfqan Hacıyev şahid Elxan Əliyevin fikirlərinə münasibət bildirərkən deyib.
Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədi
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəriman Hacıyev ifadə verib. O, həbs edilənlərdən “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin rəhbəri Bayram Vəliyevin yanında çalışdığını deyib və istintaqa ifadəsini təsdiqləyib.
Prokuror Fərid Nağıyevin suallarını cavablandıran şahid görülməyən işlərə görə aktların hazırlanmadığını deyib. Prokuror isə xatırladıb ki, şahid istintaqa ifadəsində telefon qovşqalarında görülməyən təmir işlərinə görə aktların hazırlandığını qeyd edib.
Bu suala təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitə İstehsalat Birliyinin rəhbəri olmuş Beytulla Hüseynov cavab verib. O, qeyd edib ki, burada cinayət əməli yoxdur: “Əslində işlər görülüb. Ancaq bunların xəbəri olmayıb. Çünki işlər çox olurdu, çatdıra bilmirdik. “Görülməyib” deyilən işlərin hamısı görülüb, amma MMC tərəfindən yox, telefon qovşaqlarının işçi qüvvəsi tərəfindən. Sonradan da aktlar hazırlanıb və bunlar da imzalayıb”.
“Aylıq paket alırdım”
Daha sonra iclasda şahid qismində “Aztelekom” MMC-nin əməkdaşı Yusif Cavanşirov ifadə verib. Y.Cavanşirov mal-materialların alınması, aidiyyəti üzrə təhvil verilməsi işlərini gördüyünü deyib.
Xəzər Rayon Telefon Qovşağının mühasibi Amil Məmmədov da şahid qismində ifadə verib.
İsfintaqa ifadəsini təsdiq edən A.Məmmədov aylıq paket aldığını da qeyd edib. Bayramlarda paket aldığını deyən mühasib kimdən və nə qədər aldığını demək istəməyib.
Hakim Əfqan Hacıyev şahidə xatırladıb ki, o, məhkəməyə doğru ifadə verməlidir: “Pulu kimdən almısınız? Ad çəkmirsiniz. Bu, sizin işinizi itirməyinizə səbəb ola bilər”.
O isə hakimə “problem deyil” cavabını verib.
Hakim: “Problem olmadığını deyirsiniz, ad çəkmirsiniz. O zaman aldığınız pulları dövlətin büdcəsinə geri ödəyin”.
Şahid Amil Məmmədov paketi rəhbərlikdən aldığını deyib.
“Bu, sizin işinizdir”
İclasda şahid qismində İsmayıllı Telefon Qovşağının rəisi Elxan Əliyev də ifadə verib.
Hakimin “danışın görək, nə iş görürsünüz, nə işlər görmüsünüz” sualına şahid “heç nə, salamatçılıqdır” cavabını verib.
Hakim ona “Danışın görək, salamatçılqdırmı”sualını verib. Şahid isə telefon xətlərini çəkdiklərini, vətəndaşlara xidmət etdiklərini deyib.
Hakim isə bildirib ki, telefon xətti çəkmək onların işi olub və buna görə pul alıblar: “Bu, sizin işinizdir. Buna görə də pul almısınız. Elə gələn gözümüzə soxur ki, vətəndaşa xidmət etmişik”.
Məhkəmədə məlum olub ki, Elxan Əliyev istintaq zamanı tenderlərin formal olduğunu deyib. Lakin o, məhkəmədə ifadə verən zaman bunu təkzib edib. Daha sonra prokurorun sualına cavab olaraq tenderlərin formal keçirildiyini deyib.
Hakim isə şahidlərə xəbərdarlıq edib və bildirib ki, yalan ifadə verən şəxslərlə bağlı ayrıca material hazırlanacaq və tədbir görüləcək.
Bakı Telefon Rabitə İstehsalat Birliyinin əməkdaşı Vüqar Mehbalıyev də məhkəmədə ifadə verərkən paket aldığını təsdiqləyib.
O, bayramlarda 200-300 manat paketi mühasibatlıqdan aldığını söyləyib.
Proses dekabrın 21-də davam edəcək.