Hakimlər Bayram Məmmədovun son sözünə dözməyərək zalı tərk edib [Tam mətn]

Dekabrn 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun məhkəmədəki son sözü.
Tam mətn:
– Vəliyev, siz ilk məhkəmə iclasında dediniz ki, sən burada əqidənə görə yox, verilmiş ittihamlara görə mühakimə olunursan. Amma hamı kimi, siz də yaxşı bilirsiniz ki, mən məhz Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdığıma görə burdayam. Amma bura düşməmək şansım da var idi. Mən bundan sonra polislər haqqında adamlar ifadəsini işlədəcəm, amma bu adamlar dırnaq içində deyilmiş olacaq. Mənə dəfələrlə Heydər Əliyevin heykəlinin qarşısına gül qoyub, üzr istəmək, AZTV-yə çıxmaq təklif olundu. Peşman olub, əfv diləməklə azadlığa çıxmaqdansa, həbsdə olmaq daha şərəflidir. Özümü qətiyyən dustaq saymıram. Mən azadlıq aşiqiyəm. Bunların anormal vətən, vətənpərvərlik anlayışı var. Bunların vətən anlayışı ulu öndərləri Heydər Əliyev və layiqli davamçısı İlham Əliyevə münasibətlə ölçülür. Onları sevirsənsə, deməli, vətənpərvərsən. Qarşı çıxırsansa, deməli, xəyanətkarsan, vətənə xəyanət edirsən. Sonra da telekanallarda məlum olur ki, sənin qərb təşkilatları ilə əlaqələrin var, o təşkilatları da erməni lobbisi maliyyələşdirir. Əgər vətən Heydər Əliyev Fondudursa, Heydər Əliyev adına Hava Limanıdırsa, Heydər Əliyev adına idman kompleksidirsə, Heydər Əliyev Mərkəzidirsə, Heydər Əliyev muzeyidirsə, ucsuz-bucaqsız Heydər Əliyev prospektidirsə, Azərbaycanın bütün şəhər və rayonlarındakı saysız-hesabsız Heydər Əliyev parklarından ibarətdirsə, bəli, mən vətənə xəyanət edirəm və bununla fəxr edirəm. Məni vətənə xəyanətə görə də mühakimə edə bilərsiniz. Axmaqlar hardan bilsinlər ki, əsl vətənpərvərlik xalqı bu hakimiyyətdən qorumağa çalışmaqdır.
Mən birinci təklifdən imtina edəndən sonra başqa təkliflər gəlməyə başladı: “Cavan oğlansan, yaxşı maaşın, işin ola bilər…”
Bu yerdə hakim Eynulla Vəliyev Bayram Məmmədovun sözünü kəsərək, ondan ittiham üzrə danışmağı tələb edib. Bu, vəkil Elçin Sadıqov və məhkəmə iştirakçılarının narazılığına səbəb olub.
Bayram Məmmədov sözünü belə davam etdirib:
“Əxlaqlı insanlar aldıqları yaxşı təhsildən başqalarını yağmalamaq, rüşvət almaq, zülm etmək məqsədilə istifadə etmirlər. Bilmirəm, bu zalda rüşvət alan var, ya da yoxdur. Varsa da, Rəsul Rzanın bu iki misrasını demək istəyirəm: Sən də kişi qoymusan adını, rüşvət alıb, saxlayırsan arvadını.
Azərbaycanda bu gün polislərin işi cinayətkarlığın qarşısını almaqdan ibarət deyil. Onlardan bu rejimin xalq üzərində hakimiyyətini qoruyub saxlamaq üçün istifadə olunur. Qiyası tutanlardan xəbərim yoxdur, amma məni tutanlar “Ə, babamızın heykəlini yazan sənsən?” – deyə soruşurdular. Görəsən, onların nənələri necə həyat yaşayıb ki, babalarının kim olduğunu bilmirlər. Bizi həbs qorxutmur. Əsas odur ki, biz bütü dağıtdıq. Bu rejim devriləndən sonra çox adamlar o heykəllərin başına çox oyunlar gətirəcəklər. Sevindirici həm də odur ki, bundan sonra 10 may təkcə Heydər Əliyevin doğum günü kimi yox, həm də onun heykəlinə “Qul bayramınız mübarək” yazıldığı gün kimi qeyd olunacaq.
Bu yerdə hakimlər Bayram Məmmədovun son sözünün davamını dinləməyərək, hökm üçün müşavirəyə gediblər. Amma gənc fəal hakimlər olmadan da fikirlərini davam etdirib:
“Heç nəyə peşman deyiləm. Əlimdə imkan olsaydı, yenə edərdim. Mən son sözümdə bunlardan əfv diləyən insan kimi yadda qalmaq istəmirəm. Gördüyünüz kimi, hakim son sözümə dözə bilmədi. Burdan həm də gənclərə səslənirəm. Doğruluq, ədalət və bərabərlik uğrunda mübarizə aparın!”