Heydər Camal vəfat edib

Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal vəfat edib.  
Bu barədə onun sosial şəbəkələrdəki səhifələrində məlumat yayılıb.
“Bazar günündən bazar ertəsinə keçən gecə Heydər Camal yer üzündəki yolunu başa vurdu. Qoy Allah onu cənnətinə qəbul eləsin. Biz hamının yalnız Ona qayıdacağıq”, – deyə məlumatda bildirilir.
İslam komitəsi sədrinin ölümü haqqında ətraflı məlumat verilmir.
Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun atası Cahid Camal, anası isə İrina Şapovalovadır.
Cahid Camal Rusiyanın əməkdar rəssamıdır. O, Azərbaycanın Ağdam rayonun Abdal-Gülablı kəndində anadan olub.
Heydər Camalın babası isə Böyük Vətən müharibəsində Qarabağın hərbi komissarı olub. Daha sonra o, Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal dəfələrlə birmənalı qəbul edilməyən bəyanatlarla çıxış edib. Bəzi çıxışlarında o, terrorçu-kamikadzelərin əməllərini dolayısı olaraq təqdir edib.
O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.
Heydər Camal bir neçə kitabın müəllifidir.