“Hökumətin pambıq siyasəti iflasa uğrayıb”

”Nazirlik iradların bütün ilboyu olacağını bildiyindən rəqəmləri şişirtməyə başlayıb”
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, noyabr ayının 28-nə sahələrdən 78,2 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyi isə məlumat verir ki, dekabrın 19-dək ölkə üzrə pambıq tədarükü 86 min 326,9 ton təşkil edib.
Hər iki qurumun məlumatından belə çıxır ki, noyabr ayının 28-dən dekabr ayının 19-na qədər ölkədə 8126,9 ton pambıq tədarük olunub.
Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyindən ətin qiymətinin artması haqda sorğu edəndə, mövsümün olmadığını bildirirlər:
“İndi pambığın mövsümü olmadığı halda, iki ay əvvəl, avqust, sentyabr, oktyabr aylarında nə pambıq vardı, yığılmışdı. Aran bölgəsinin əksər kəndlərində pambığın qurumuş çöplərini çıxarıblar və həmin sahələrdə əkin gedir. Gəncə-Qazax bölgəsinə də apardığım monitorinq pambıq yığımının iki ay əvvəl bitdiyini deməyə əsas verir”.
Vahid Məhərrəmov keyfiyyətsiz məhsulu da nəzərə aldıqda, pambıq istehsalının 40 min tona yaxın olduğunu hesab edir:
“Əlbəttə, hökumət pambıqçılıqla bağlı piar təşkil etdi, indi də yalanlarının ifşa olunmaması üçün rəqəmləri şişirtməklə göstərmək istəyirlər ki, baxın, bunu əldə etmişik. Bir ay əvvəl sahələrin genişləndirilməsi iradını tutmuşdum. Ancaq hesablamalar məhsuldarlığın 12-13 sentner arasında olduğunu göstərir, bu da heç cür istehsalçıya sərfəli deyil. Çünki məhsulun maya dəyəri yüksək olur və bu sahənin inkişafından danışmaq yersizdir. Nazirlik iradların bütün ilboyu olacağını bildiyindən rəqəmləri şişirtməyə başlayıb. Baxın, Dövlət Statistika Komitəsi ilə Kənd Təsərrürafı Nazirliyinin məlumatından belə anlaşılır ki, 21 günə 8 min tondan artıq pambıq yığılıb. AzTV isə yığımın hələ davam etdiyi bildirir. Bunlar hökumətin pambıq siyasətinin iflasa uğradığını göstərir. Kifayət qədər maliyyə resursu ayrılsa da, bunlar korrupsiya yeminə çevrildiyindən fermerlərə çatmadı. Nəticənin əldə olunmamasını bir tərəfə qoyaq, hökumət beynəlxalq insan haqları konvensiyanın qaydalarını pozdu, yəni məktəbliləri, müəllimləri, həkimləri pambıq yığımına təhrik etdilər. Bu isə Azərbaycanı Tacikistan, Özbəkistan səviyyəsinə salmaqdır”.