İlham Əliyev: “Varlılar villalara görə daha çox ödəməlidirlər”

İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün işə salınan “ASAN kommunal” Mərkəzinin kollektivi ilə görüşündə çıxışı zamanı deyib.
“Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilibdir. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək”- deyə İlham Əliyev bildirib.
İlham Əliyev bunun sosial ədalət prinsipi olduğunu deyib: “İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik”.