İqtisadi təfəkkür necə olmalıdır? – Akşin İbişov

Akşin İbişov
Maliyyə nazirinin yeni təklifini gördüm. Dövlət büdcəsinə əlavə gəlirlər cəlb etmək məqsədi ilə  dövlət bağçalarının və musiqi məktəblərininin  ödənişli edilməsi təklif olunur. Yəni ideya budur ki, müştərək olaraq dövlətlə bir yerdə valideynlərin də bu müəssisələrin işləməsində  maddi qatqısı olsun və dövlət qazansın. Bu məsələdə hələ ki, ədalət, pulsuz təhsil və  sosial dövlət prinsiplərini kənara qoyaq, görək bu qərar iqtisadiyyata fayda verə bilər mi? Qısaca iqtisadi təfəkkür necə olmalıdır onu göstərməyə çalışaq.
Dövlət bağçasına uşağını göndərən valideyn, müəllimlərə onsuz da aylıq “hörmətini” edir. Yani ki, onsuz da bu müəssisələr müştərək fəaliyyətdədir. Bu aylıq “hörmət” olduğuna görə çox az rəsmi maaş alan müəllimlər üçün o bağçada işləmək maraqlı olur, uşaqları valideynlərin razı qalacağı şəkildə təhsilləndirir və tərbiyələndirirlər. İndi nazir təklif edir ki, o “hörmət” leqal şəkildə dövlətin olsun və böhranlı zamanda büdcəyə əlavə gəlir gəlsin.
Bunu əvvəldən deyim  ki,  bu düzgün olardı ki, müəllimlərin maaşı yetərli olsun, “hörmət” deyə bir anlayış da olmasın. Amma biz analiz etdiyimizə görə mövcud faktları əsas götürməliyik.
İndi  düşünək ki, dövlət bağçanı ödənişli etdi, valideynlər də o “hörməti” büdcəyə ödədilər, ancaq müəllimlərin maaşı qalxmadı. Belə halda bəzi müəllimlər işdən ayrılıb özünə başqa yerlərdə iş tapmağa çalışacaq. Ya yaxşı müəllimlər qalmayacaq, ya da ki, qalan müəllimlər təhsil və tərbiyələndirmə işinə lazımi şəkildə yanaşmayacaq, valideynlərdən leqal ödənişdən əlavə köhnə “hörmət”i gözləyəcəklər.
Ödənişdən əlavə “hörmət” edə bilməyən valideynlərin uşaqlarının təhsilləndirmə və tərbiyələndirmə işi lazımi səviyyədə olmayacağından valideynlər bundan razı qalmayacaq, əksinə uşaqların tərbiyəsizləşdiyini və psixologiyalarının pozulduğunu görüb uşaqlarını bağçaya qoymayacaqlar. Deməli həm bağça ödənişi, həm də “hörmət” tələbi olduqda valideynlərin bir hissəsi uşaqlarını ümumiyyətlə bağçaya göndərə bilməyəcək, imkanı olan bir hissə isə  uşaqlarını özəl bağçaya qoyacaq.
Dövlət bağçasına gedən uşaqların sayı kəskin azalacağından, dövlət bağçası gəirləri də azalacaq, bağçanı işlətmək mümkün olmayacaq, yenə də dövlət büdcəsindən köməyə ehtiyac yaranacaq. Nəticə nə olur, bir çox müəllim, bir çox uşaq bağçadan ayrıldı,  əvəzində isə iqtisadiyyata fayda verə biləcək gəlir yox.  Ara yerdə az-maz işləyən hazırki bağça mexanizmi də iflic oldu.
Bağça ödənişli edilsə dövlət müəllimlərin  maaşını elə  artırmalıdır, ki, ‘hörmət’ məsələsinə ehtiyac qalmasın, bunun üçün də o ödənişi elə ancaq müəllimin maaşının artırılmasına sərf edə.  Bu da olur, aldım qoz, satdım qoz. Müəllimlərin də maaşı artacaqsa bu tək bağçada yox, gərək hər yerdə olsun. Bu zaman da dövlətə əlavə gəlir qalmır, iş yükü artır, əksinə xərclərini artırır.  Həm müəllim maaşını artırıb, həm də öz gəlirini artırmaq üçün  dövlət yeni gəlir yerləri tapmağa çalışmalıdır. Bunlardan biri kimi bağça ödənişini bir az daha artırmalı  olacaq.  Artan ödənişlər yuxarıda göstərilən kimi valideynlərin bir hissəsinin uşaqlarını ümumiyyətlə bağçaya göndərə bilməməsinə, bir hissəsinin özəl bağçaya getməsinə səbəb olacağından  dövlət bağçasına gedən uşaqların sayını azaldacaq və ödənişli bağça mexanizmi işini qeyri-işlək hala salacaq.
Beləcə dövlətin bağçaları ödənişli edərək, gəlir artırmaq  istəyi əksi ilə nəticələnməklə yanaşı bağçaların işini alt-üst edə bilər. Təhsilsiz-tərbiyəsiz uşaqlar isə gələcəkdə, başda dediyim kimi əxlaq, ədalət prinsiplərini demirəm, iqtisadi olaraq ölkəyə ən böyük yük olacaqlar.
Eyni məntiqlə tarif şurasının dövlətin gəlirlərini artırması məqsədi ilə yeni işıq və qaz qiymətini artırma qərarına baxaq.  Ölkədə istehsal az olduğuna görə bunu kafe, restoran və s kimi xidmət biznesləri üzərindən edək. Həm qidanı hazırlayarkən həm onu saxlayarkən həm də müştərilərin oturduğu yer üçün işıq və qaz lazımdır. Bunların qiyməti qalxdısa, bu xidmət sahələri də, qidaların, yeməklərin qiymətini qaldırmalıdır. Qiymət qalxdığında isə onsuz da böhran şəraitində gəlirləri azalan müştərilər restoran, kafe və s kimi xidmətlərdən istifadəni azaldacaqlar. Beləcə bir çox müəssisənin gəlirləri düşəcək, bir çoxları bağlanacaq, işsizlər çoxalacaq. Gəlirləri azalan müəssisədən dövlət az vergi ala biləcək, bağlanan müəssisələrdən isə heç vergi olmayacaq, işçilər də ixtisara düşdüyü üçün onlardan da gəlir vergisi alına bilməyəcək. Beləcə dövlətin gəlirini artırmaq üçün qaldırılan qaz və işıq qiymətləri nəticədə dövlətin gəlirlərini azalda bilər, işsizliyi, narazılığı isə hələ demirəm.
Əgər bir bağça haqqında iqtisadi qərar vermək üçün bu qədər götür-qoy olmalı, ondan sonra ən uyğun dərəcədə qərar verilməlidirsə, devalvasiya kimi  tarixi və bütün ölkəyə təsir edəcək qərarlar üçün düşünün nə qədər götür qoy olmalıdır. Sizcə bizdə tarif şurasının, dövlət maliyyə institutlarının, iqtisadi qərarverici mexanizmlərin başında duranların bu cür götür-qoyla qərar verə bilmək üçün iqtisadi təfəkkürləri var mı?   Əgər olsa indi biz ümidsiz iqtisadi böhran vəziyyətində olmazdıq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
MƏNBƏAbzas.net
Əvvəlki məqaləXarici valyuta ilə əməliyyatlar 2,5 dəfə azalıb
Növbəti məqalədəGüclü külək Lerikin 50 kəndini işıqsız qoyub