İran ABŞ-dan 16 milyard dollarlıq təyyarə alır

1979-cu il inqilabından indiyə qədər reallaşan ən böyük razılaşmaya görə, “Boeing” firması rəsmi Tehrana 80 sərnişin təyyarəsi satacaq.
Abzas.net xarici mətbuata istinadən xəbər verir ki, İran Hava Yolları (İran Air), Amerikan hava yolu şirkəti “Boeing” ilə 16,6 milyard dollarlıq müqavilə imzalayıb. 80 sərnişin təyyarəsinin satışını nəzərdə tutan razılaşmanın imza mərasimi İranın paytaxtı Tehranda həyata keçirilib.
1979-cu il İran İslam inqilabının ardından diplomatik əlaqələri kəsən rəsmi Washington və Tehran arasındakı tarixi anlaşma ilə İran ilk dəfə ABŞ şirkətindən təyyarə alır.
Müddəti 10 il olan razılaşmanın tərkibində 8 ədəd 737 MAX, 15 ədəd 777-300 ERs və 15 ədəd 777-9s reaktiv təyyarələri var. İlk təyyarənin çatdırılması isə 2018-ci ildə baş tutacaq.
Qeyd edək ki, İran Avropa şirkəti “Airbus”a da 20 milyard dollarlıq 118 təyyarə sifarişini ilin əvvəlində vermişdi.