İtkin düşən neftçilərdən xəbər yoxdur

Xəzər dənizindəki neft yığım məntəqəsində baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarış zonası daha da genişləndirilib.
Bu haqda qəza ilə əlaqədar yaradılan axtarış-xilasetmə qərargahının məlumatında bildirilir.
Məlumatda plana uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir. Hələ ki, itkin neftçilərdən xəbər-ətər yoxdur.
Axtarış tədbirlərini müdafiə, fövqəladə hallar nazirliklərinə, Dövlət Sərhəd Xidmətinə, SOCAR və Xəzər Dəniz Gəmiçiliyi-nə məxsus 44 gəmi-üzən vasitənin, 6 helikopterin, 700-dən artıq canlı qüvvənin həyata keçirdiyi qeyd edilir. Əməliyyatlar uzunluğu 100, eni isə 72 kilometr olan ərazini əhatə edir.
Qərargahın hadisənin baş verdiyi rayonda hava şəraitini təhlil edərək, axtarış-xilasetmə zonasını daha da genişləndirməyə qərar verdiyi bildirilir.
Qərargah xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi apardığını qeyd edir.
Dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində növbədə olan 10 nəfər itkin düşüb. Neftçilərdən ancaq İlham Qafarovun cəsədi tapılıb.