Kənd təsərrüfatına ayrılan subsidiyalar mənimsənilib

Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların mənimsənilməsi ilə bağlı faktlar üzə çıxardığını bildirir.
Nazirliyin saytında yer alan məlumatda bildirilir ki, Şəhla Məmmədəli qızı İsmayılovaya 9900 AZN yardım göstərilməli idi. Ancaq “Kapital Bank” ASC-nin Zərdab filialı istehsalçıya 5000 AZN ödəyib.
“Yardımların verilməsi üzrə Respublika Komissiyasının Zərdab rayon komissiyasına təqdim etdiyi siyahı ilə Zərdab rayon komissiyasından “Kapital Bank” ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib. Məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ayırdığı vəsait arasında 37 min 185.50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb”,-deyə məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, 2007-ci il fevralın 15-dən istehsalçılara yanacaq və motor yağlarının 50 faizinin ödənilməsini təmin etmək məqsədilə hər hektara 50 manat məbləğində yardım verilir.
Kənd Təsərrüfatı Nazirliyi aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsindən ötrü sənədləri Respublika Prokurorluğuna göndərdiyini bildirir.
Bəzi ekspertlər yaxın vaxtlarda kənd təsərrüfatına ayrılan subsidiyaların ləğv ediləcəyini güman edirlər.