Köçkünlər işıq probleminə görə etiraz aksiyası keçirib [video]

Foto arxiv
Dekabrın 22-si axşam saatlarında Cəbrayıl rayon köçkünlərinin Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə etiraz aksiyaları keçirildiyi bildirilir.
Yerli sakinlərin AzadlıqRadiosuna dediyi sözlərə görə, köçkünlər İmişli-Biləsuvar yolunu bağlamaq istəyiblər.
Məcburi köçkünlərin qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz etdikləri deyilir. Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında hətta qarşıdurma baş verdiyi, həbs edilənlərin olduğu deyilir.
Ancaq Biləsuvar rayon Polis Şöbəsindən “Turan” agentliyinə bu deyilənləri nə təsdiq, nə də inkar ediblər. Növbətçi polis qeyd edib ki, mətbuata heç nə deyə bilməz.
Modern.az saytının bildirməsinə görə isə, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev etiraz aksiyasının keçirildiyini təsdiq edib. O, hazırda köçkünlərin yaşadığı həmin 11 qəsəbədə vəziyyətin stabil olduğunu bildirib:
“Axşam saatlarından etibarən məcburi köçkünlərə elektrik enerjisi verilməsi bərpa olunub. Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işıqları kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda tam sakitlikdir, heç bir iğtişaş yoxdur”.
A.Fərzəliyev bildirib ki, polislə məcburi köçkünlər arasında baş verən iğtişaşlarda saxlanılanlar olub:
“Mən Bakı nümayəndəliyinin rəhbəri və I müavin olduğumdan çox vaxt paytaxtda oluram. Telefon əlaqəsi vasitəsilə mənə məlumat verilib. Bildirilib ki, polisə müqavimət göstərdiklərinə görə iğtişaş törədənlərin müəyyən hissəsi saxlanıb. Ümumilikdə, Biləsuvar ərazisində 11 qəsəbə üzrə 18 min məcbur köçkünümüz yaşayır. Amma onlardan neçəsinin borclu olması ilə bağlı məlumatım yoxdur”.
Rayon rəsmisinin deməsinə görə, bundan sonra abonentlər borclarını hissə-hissə ödəyəcəklər.
“Gəlinən razılığa görə, məcburi köçkünlər borcu hissə-hissə ödəyəcəklər. Təbii ki, vətəndaşlar borcun hamısını birdən ödəmək iqtidarında deyillər. İdarə də borcun hamısının birdən ödənilməsini tələb etmir. Ərazidə qazlaşma getməyib deyə, əhali yalnız elektrik enerjisindən istifadə edir. Ona görə də, elektrik enerjisinə böyük həcmdə borcları yaranıb. Hansı köçkün qəsəbələrində ki, qazlaşma gedib, orada belə problemlər yoxdur. Amma Biləsuvardakı 11 qəsəbənin heç biri qazlaşdırılmayıb”,-deyə I müavin bildirib.