Məhkəmə siyasi məhbusu qeyri-səmimilikdə suçlayır

Məmməd İbrahim
Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Apellyasiya şikayəti Məmməd İbrahimin cəzasının 1/3-ini çəkdiyini əsas gətirərək, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlıdır. Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev siyasətçinin ərizəsini təmin etməyib, o da həmin qərardan şikayət verib.
Bugünkü məhkəmədə Məmməd İbrahimin özü iştirak etməyib, amma növbəti iclasda prosesə qatılacağını bildirib.
Məhkəmənin ilkin baxış iclasında Məmməd İbrahimin vəkili Yalçın İmanov 16 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə saxlanılan bir sıra məhbusların dindirilməsi haqda vəsatət qaldırıb.
“MƏHKUMLAR GƏLSİN, GÖRƏK BU QEYRİ-SƏMİMİLİK NƏDƏ İFADƏ OLUNUB”
“Suraxanı Rayon Məhkəməsi məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməyə dair müraciətin təmin olunmaması qərarında “Məmməd İbrahimin cəzaçəkmə müəssisəsində məhkumlar arasında özünü qeyri-səmimi aparması” ilə bağlı dəlilə istinad edib. Xahiş edirik, həmin məhkumların kimliyi müəyyənləşdirilsin, onlar məhkəməyə çağrılıb şahid kimi dindirilsin. Biz də bilək ki, Məmməd İbrahimin məhkumlar arasında qeyri-səmimiliyi nədə ifadə olunub”, – vəkil vəsatətini əsaslandırıb.
Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 29-na təyin olunub.
M.İbrahim hadisədən bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. M.Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.