Masallı sakinləri sosial problemlərlə bağlı etiraz edirlər [Video]

Arxiv: Masallıda vətəndaşlar aksiya keçirib
Masallı rayon sakinləri qış aylarında sosial problemlərin daha da çoxalması onları ayağa qalxmağa vadar edib. Xoşçobanlı kənd sakinləri həm, işsizlikdən həm də ki, təbii qazın olmamasından şikayətlənirlər. Bu barədə “Regionaz” xəbər verib. 
Masallı rayonu Xoşçobanlı kənd sakini Əhmədov Vahid prezidentdən xahiş edir ki, kəndi qazla təmin etsinlər. O deyir ki, körpələr var, qocalar var, belə şey olmaz.
“Mən şəxsən evdə 4 uşaq saxlayıram. Sabah prezident mənə deməyəcək əsgər ver mənə? Hardan verəcəm? Vermiyəcəm! Niyə? Uşaq məktəbə getmir, soyuqdu. Odunum yox, ocağım yox, işığımı da gəlib kəsiblər. İş yox, insanların vəziyyəti pisdir. Prezident hara baxır? Qaz, işıq yoxdu, camaatın pulunu basıb yeyiblər, ümumiyyətlə, kəndin yiyəsi yoxdur”.
Yaşlı bir kənd sakini deyir ki, təmir adıyla qaz xətləri çəkiblər: “Guya bizdə qaz yanır, onu təmir ediblər. Bu əsla düzgün deyil. Dövləti aldatmaqdı, prezidenti aldatmaqdı, xalqı aldatmaqdı, xalqın gözünə kül üfürməkdir”.
Sakinlərin dediyinə görə 2 ilə yaxındır yaşadıqları kəndə təbii qaz çəkilsə də, nədənsə qaz verilmir. Səbəbini isə belə izah edirlər.
“Biri deyir təmir işidir, biri deyir bizlik deyil. İcra hakimiyyətinə də gedirik deyirik. Neçə nümayəndə gəlib bura, heç bir dərdimizə baxan yoxdu. Qonşu kənddə qaz var. Bizdən sonra Çıncaq kəndinə qaz çəkilməyə başladı. Hal-hazırda olarda “şotçikləşmə” gedir, qazlaşma gedir, bəlkə bir aya ora qaz verəcəklər. Amma bizdə il yarımdı “kraskalayıb” ediblər, gözdağı verirlər, qoşmurlar”, – deyə kənd sakinləri bildirirlər.
Kənd sakini deyir ki, o gün 25 nəfər adam getmişdi İcra Hakimiyyətinə: “Bütün ağsaqqallar, yoldaşlar, cavanlar dərdini dedi. Mən durdum ayağa dedim ki, konkret bizə cavab ver. İcra hakiminin dedi ki, bizdnə sizə kömək yoxdu”.
Onlar şikyət edirlər ki, dərdlərini kimə desinlər: “Evdə xəstə var, qoca var, yaşlı var. Qalıb odunsuz. İl yarımdı da belə gözyammışlığı verirlər “turbaya baxın, sizə qaz vermirik”. Səbəbi nədi? Biz Masallı rayonunun Xoşçobanlı kəndi azərbaycanlı deyilik? Müsəlman deyilik? Yəhudiyə qaz verir, erməniyə qaz verir, millətinə qaz vermir”.
Sakinlər deyir ki, işığa böyük miqdarda borcları yaranıb, bunun da səbəbi qazın olmamağıdır:
“İşığımız yanmır, kəsiblər. Hər adamın evində aşağı borcu olan 150-200 manatdı. Bu hardan əmələ gəlir? Beş lampa bir soyuducuyla o qədər işıq pulu yazıla bilməz. Deməli odunumuz yoxdu. Həyətimizdə, bağlarımızda olanı kəsirik yandırırıq. O da qurtarandan sonra başlayırıq biz də işığı istifadə etməyə”.
Əsgərov Zülfüqar gileylənir ki, sovet dövründə, 80-ci illərin axırlarında qaz var idi: “Ondan sonra qaz kəsildi. İndi qazın turbalarını çəkiblər. Dövlət bu qədər pulu xərcləyib dağıdırsa, bəs niyə qaz vermir?”
Sakinlər deyir ki, prezidentin fərmanı var, harda 3 dənə ev varsa, ora da qaz verilməlidir.
Xoşçobanlı kənd sakinləri yaranan problemin həlli yolunu ölkə rəhbəri  prezident İlham Əliyevə mətbuat vasitəsiylə çatdırılmasında görürlər. Onlar hesab edirlər ki, əyalətlərdə yaranan sosial problemlərdən ölkə rəhbəri xəbərsizdir.