Milli Şura Koordinasiya Mərkəzinin toplantısı keçirilib

Ötən gün Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib.
Toplantıda ictimai-siyasi vəziyyət, sosial-iqtisadi böhranın fəsadları, əhalinin sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi, mətbuat və söz azadlığının məhdudlaşdırılması, “Nardaran işi” məhkəməsində yaranmış vəziyyət müzakirə olunub, DQMŞ-nin məlumatında bildirilir.
İclas iştirakçıları qaz, işıq və suyun qiymətinin kəskin şəkildə artırılması barədə hökumətin qərarını pisləyiblər.
Sosial-iqtisadi və maliyyə böhranına münasibətdə hökumətin fəaliyyətsizliyi və bacarıqsızlığı kəskin şəkildə pislənilib, belə seyrçi münasibətin ölkəni ağır sosial sarsıntılara sürüklədiyi qeyd edilib.
“Yaxın keçmişdə analoqsuz inkişafdan danışan hökumət rəsmiləri hazırda maliyyə böhranın durdurulmasını 2025-ci ilə vəd edirlər. Bu vədin özünün də 27 milyard manat həcmində xarici kredit tapılacağı şərti ilə mümkün olacağı bildirilir. Bu açıqlamalar ölkənin hansı acınacaqlı duruma düşməsinin açıq bir ifadəsidir. Son on il ərzində ölkəyə daxil olmuş 150 milyard dollar həcmində vəsaiti dağıdan hakimiyyət  9 ilə maliyyə böhranından çıxacağını vəd edir”, – məlumatda deyilir.
İclas iştirakçıları  “Azadlıq” və “Amerikanın səsi” radiolarının saytlarının bağlanmasını, “Azadlıq” qəzetinin çapının dayanmasını, Heydər Əliyevin abidəsini yazdığına görə Bayram Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini pisləyiblər.
Həmçinin tədbirdə “Nardaran işi” üzrə məhkəmə prosesinin qeyri-obyektiv aparılmasına və bir sıra yüksək vəzifəli şəxslərin şahid qismində məhkəməyə çağırılmasından imtina olunmasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri tənqid edilib.