Müdafiə Nazirliyində 2016-cı ilin yekunu ilə bağlı iclas keçirilib – [Fotolar]

Dekabrın 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2016-cı tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.
Kollegiya iclasında hesabat dövründə aparılan fəaliyyətlər, ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.
İclasda çıxış edən Müdafiə naziri aprel döyüşlərində əldə edilən uğurların dövlətimizin, ordumuzun qüdrətinin, xalqın həmrəyliyinin, vətənpərvərliyinin nəticəsi olduğunu vurğulayıb və bunun nəticəsi olaraq son illər əldə edilən nailiyyətlərdən danışıb.
Nazir hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, davam edən islahatlar, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2017-ci tədris ilində Silahlı Qüvvələr qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.
Müdafiə nazirinin əmrinə əsasən, 2016-cı tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular müxtəlif medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.