“Ofşor zonalarda şirkət sahibləri elə məmurların özləridir” – Ekspert rəyi

Pulsuzlayan Azərbaycan hökuməti indi də ofşordan vergi tutmaq istəyir. Ancaq bunu demək asandır, bəs necə edəcəklər? İkincisi, ofşorda şirkəti olanlar elə hakimiyyətdəki məmurlar və onların uşaqları deyilmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi haqda vergilər naziri Fazil Məmmədov deyib ki,
“… ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün layihəyə müvafiq maddələr daxil edilib”.
İqtisadçı ekspert Hafiz Babalı deyir ki, ofşor zonalarda qeydiyyatdan keçimiş şirkətlərin vergiyə cəlb olunması vergi inzibatçılığı baxımından elə bir problemli məsələ olmamalıdır. Ekspert bildirir ki, burda Azərbaycan ikitərəfli vergi qoymanı bərpa edir. Yəni şirkət həm ofşor zonada qazandığından və Azərbaycanda da qazancından vergi verəcək.
Hafiz Babalı deyir ki, bu addım indiki halda tətbiq olunsa, başadüşülən addım kimi dəyərləndirmək olar.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, adətən vergidən qaçmaq istəyən şirkətlər daha çox ofşora üz tuturlar. Ekspertin fikrincə ofşor zonalarda fəaliyyət göstərən şirkətlərdən vergi tutmaq mexanizmi digər ölkələrin də təcrübəsində özünü doğrultmayıb.

Qubad İbadoğlu deyir ki, bunun üçün hökumətlərin bu prosesə təsir etmək imkanları olmalıdır. Hazırda imkan olduqca zəifdir.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə hər bir ölkə ofşor zonalarda fəaliyyət göstərən şirkətlərdən vergi tutmağı bacarsaydı ofşor zonaların mənası qalmazdı.

Onun sözlərinə görə bu, texniki olaraq mümkünsüz bir şeydir. Ekpsert bildirir ki, ofşor zonalarda şirkət sahibləri elə məmurların özləridir. Belə çıxır ki, özləri-özlərinə qarşı mübarizə aparacaqlar. Bu da məntiqli görünmür.