“Pensiya verməyə pul tapmırlar, 100 milyon oyunlara verirlər”

2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərclənməsi nəzərdə tutulur.
Bunu gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirilən mətbuat konfransında bildirib. “Turan” Agentliyinin xəbərinə görə, bu məbləğin 60 mln. dollara yaxını 2016-cı ildə xərclənib, qalan məbləğ 2017-ci ilə nəzərdə tutulub.
Əvvəla, bu 100 milyon nəyə xərclənəcək? Böyük xərc aparan stadion, idman kompleksləri artıq tikilməyibmi?
İkincisi, maaşı, pensiyanı verməyə pulun tapılmadığı vaxtda bu oyunların yeridirmi?
Yeri gəlmişkən, İkinci Avropa Oyunlarına ev sahibliyi edəcək Belarusun prezidenti Lukaşenko 20 gün qabaq Azərbaycana lağ edirdi ki, Avropa Oyunlarının təkcə açılışa 100 milyon dollar xərcləyiblər. Lukaşenko deyirdi ki, bu, normaldırmı? – cavab verirdi ki, yox.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirir ki, həmin vəsait daha çox texniki məsələlərə sərf olunacaq. Onun sözlərinə görə, ayrılan 100 milyon dollara mərasimin açılış və bağlanışı, işçilərin əmək haqqı, ölkəyə gələcək idmançıların xərcləri daxildir.
Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ola bilsin ki, 100 milyon dollar gələn il bir neçə 100 milyon manatla ifadə olunsun. Ekspert indiki halda bu qədər vəsaitin idman yarışlarına ayrılmasını məqsədə müvafiq hesab etmədiyini bildirir.
Onun sözlərinə görə iş yerlərinin azaldığı, əhalinin sosial problemləri getdikcə artdığı və ölkənin özünün borclandığı halda bu yarışın Azərbaycanın iqtisadiyyatına töhfə verəcəyinə inam yoxdur. Ekspert deyir ki, bu addım iqtisadi cəhətdən səmərəli deyil.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə indiki dövrdə büdcədə yaranmış problemin bir qisminin həlli üçün kommunal xərcləri artırmaq qərarına gedən hökumət ən azından utanmalıdır ki, belə bir yarışlara bu günki məzənnə ilə 177 milyon manat vəsait ayırır.
Ekspert deyir ki, bir yarışın keçirilməsi üçün bu qədər vəsaitin ayrılmasının məqsədəuyğun olub-olmamasının cavabını hökumət verməlidir. Onun sözlərinə görə bir yarışa bu qədər vəsiatin ayrılması və eyni zamanda kommunal xərclərin artırılması heç bir məntiqə sığmır.