Polis maşınını çəkiclə əzənin məhkəməsi başlayır

"Polis maşınını çəkiclə əzən". Karikatura. Gündüz Ağayev.
Bakıda Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə əzən Şahin Bəylərovun barəsində cinayət işinin başa çatdığı bildirilir.
İş baxılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmə prosesi yaxın günlərdə başlayacaq.
Xatırlatma
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 18-i Nərimanov rayonunda Ş. Bəylərov “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.
O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə), 221.3-cü (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunur.
Ş. Bəylərov ilkin ifadəsində yol polisinin əməkdaşının onu təhqir etdiyinə görə, maşınını çəkiclə əzdiyini bildirmişdi.