Qarabağ oyunçusu – Kənan Qasımlı

Kənan Qasımlı
Futbol azarkeşiyəm. Yaxşı oynamağı bacarmasam da ölkəmizdə futbolun azca da olsa inkişafı hər zaman məni sevindirib. Xarici futbol azarkeşlərinin həmişə paxıllığını çəkmişəm. Milli yığmaları dünya, Avropa çempionatlarında iştirak edir, klubları beynəlxalq turnirlərdə çıxış edir. Oradakı atmosferin, əhval-ruhiyyənin bizim də paytaxtımızda, rayonlarda olmasını arzulamışam.
Səhv etmirəmsə, 2008-2009-cu illərdən klublarımızın avrokuboklarda uğurlu iştirakı gözəçarpan templə artmağa başladı. Hər il 4 klubumuz seçmə mərhələlərdə oyunlara çıxırdı. Ev oyunlarının hər birində stadionda olmağa çalışmışam o illərdən. Xüsusən, “Qarabağ”ın heç bir oyununu buraxmırdım. İndiyə qədər də buraxmamışam demək olar.
“Qarabağ” hər il daha uğurla çıxış etməyə davam edirdi. Mərhələləri keçir, daha nüfuzlu komandaları adlayırdı. İndi də adlayır. Və hər il də tribunaları daha çox azarkeş doldurur. Tofiq Bəhramov stadionu ağzına kimi dolu olur. Minlərlə insan hələ bir neçə gün əvvəldən kassaların önündə bilet növbəsinə düzülür. “Qarabağ” sayəsində artıq stadion mədəniyyəti formalaşmağa başlayır bizdə də. Fan klublar da təcrübə yığır oyundan oyuna. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qəhrəmana çevrilib.

İllərdir öz gözəl oyunu, inamlı müdafiəsi, kritik məqamlarda vurduğu qollarla komandasını arxasıyca daşıyan kapitan Rəşad Sadıqovun önəmini isə hər oyun başlamazdan qabaq futbolçuların bir-bir adı çəkiləndə azarkeşlərin necə ucadan “Rəşad Sadıqov” hayqırdığını eşidən zaman anlayırsan.
“Qarabağ”ın belə çox sevilməsinin tək səbəbi qələbələri, hər il mərhələləri adlaması, güclü rəqiblərə qarşı inamlı oyun sərgiləməsi deyil. O, həm də adına görə sevilir ölkəmizdə. Avropada işğal olunmuş torpaqlarımızın adı ilə çıxış etməsi vətəndaşlarımızın ona dayaq olmasına, məğlubiyyətini heç bir halda görmək istəməməsinə gətirib çıxarır. Sevilmənin digər səbəblərindən biri də yeni-yeni inkişaf edən zaman klubda əksər oyunçuların yerli futbolçular olması idi. Sonradan legionerlərin artması da bu sevgiyə təsir etmədi, çünki gözəl oyunlar qalan hər şeyi unutdururdu. Bu yazdıqlarımla sizə “Qarabağ” futbol klubunun, futbolçularının ölkəmizdə nə qədər çox sevildiyini, Qurban Qurbanov, Rəşad Sadıqova necə böyük hörmət bəslənildiyini çatdırmaq istədim.
Deputat Səttar Mehbalıyeva etiraz olaraq özünü yandıran Qarabağ qazisi Zaur Həsənov
Azərbaycan vətəndaşlarının ən yaralı tərəflərindən biri hökumətin Qarabağ əlillərinə olan münasibətidir. Torpaqlarımız uğrunda gedən döyüşlərdə sağlamlığından olan bu insanlara çox cüzi müavinət verilir. Heç bir hörmət olunmur məmurlardan onlara qarşı. Buna etiraz olaraq hökumətə müraciət yollayan, şikayətlər edən, bezib özünü yandıran, intihar edən Qarabağ əlilləri olub son illər ərzində. Vaxtilə vətəni üçün canından keçməyə hazır olan bu insanlar indi vətənlərində canlarıyla əlləşirlər. Mənə deyə bilərsiniz ki, bunların əvvəl yazdıqlarımla nə əlaqəsi? Yazacam.
Bildiyimə görə, Rəşad Sadıqov ilinə 900.000 manat alır. Halalıdır, haqq edir oynadığı oyunla. Lakin, mənə çox maraqlıdır, hamının sevdiyi, bir yaxşı oğlan kimi hörmət etdiyi, “Qarabağ” adında klubda iştirakı ilə fəxr edən Rəşad Sadıqov, Qurban Qurbanov indiyə qədər neçə Qarabağ əlilinə, məcburi köçkün ailəsinə, şəhid ailəsinə kömək olub?
Komandanın sponsoru “AZERSUN” holdinqdən təbii ki, heç birimiz belə bir addım gözləmirik. Xalqa baha qiymətə keyfiyyətsiz mallar sırıyan bir şirkət xalqın nümayəndəsinə kömək olarmı? Xeyr. Biz belə addımı “Qarabağ” adından istifadə edənlərdən yox, Qarabağ üçün oynayanlardan gözləyirik.

İrad edə bilərsiniz ki, Rəşad futbolçudur, pulunu qazanır, niyə kiməsə kömək etməlidir? Futbolçuların ehtiyacı olanlara əl tutması dünyada yayılmış bir nümunədir. Məsələn, elə Messi, Ronaldo.
Bir daha deyirəm, bu cür addımları hökumətdən, “AZERSUN” holdinqdən deyil, yaxşı oğlan hesab etdiyimiz, oyunları, davranışı ilə hər kəsin hörmətini qazanmış Rəşad Sadıqovdan, Qurban Qurbanovdan gözləyirik. Əgər bir ölkədə “Qarabağ şikəstəsi” oxuyan müğənni yarım saatına azı 3000 manat, “Qarabağ” klubunda oynayan futbolçu ilinə 900.000 manat, Qarabağ uğrunda döyüşənsə ayına maksimum 150 manat alırsa, demək bizim də belə gözləntimiz haqqlıdır. Hökumət etmək istəmir, biz ki bir-birimizə kömək edə bilərik.
Bu suallar çoxdan beynimdə fırlanır, amma yazı yazmağıma səbəb isə bu günlərdə sosial şəbəkələrin birində “Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadənin “Qalenvagen” markalı maşını ilə şəklini görməyim oldu. Axı bundan 1-cə gün əvvəl çarəsizlikdən maşınını yandıran Qarabağ əlilini də gördük. Çox acınacaqlı mənzərə yaranır.
“Qarabağ”ın oyunçusu Elvin Yunuszadə
Ola bilər ki, yanılıram, indiyə qədər Rəşad bəy, Qurban bəy və başqaları xeyirxah addımlar atıblar. Lakin, qabağıma çıxmayıb xəbəri. Çıxmalı idi. Hamı bilməli idi. Mediaya verilməli idi xəbər. Bu, heç də təvazökarlıqdan uzaq bir hərəkət olmazdı, bu gözəl bir nümunənin nümayişi olardı, digərləri də dərs götürərdilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
MƏNBƏAbzas.net
Əvvəlki məqaləErdoğan: “Avropa İttifaqı insan haqları barədə düşünmür”
Növbəti məqalədəDeputat: “Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb”