Trump: “Dövlət katibi vəzifəsinə dünyanın ən dahi biznesmenlərindən birini seçmişəm”

“Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenləırindən birini, Rex Tillersonu seçmişəm”.
Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, o, bu gün ölkənin ən böyük neft şirkəti olan “ExxonMobil”in rəhbəri Rex Tillersonu ABŞ-ın dövlət katibi olmağa namizədi kimi elan edib.
Rex Tillerson Oklahoma və Texasda, ABŞ-ın əsas neft-qaz hasil edən ştatlarında böyüyüb. O, 1975-ci ildə Ostində Texas Universitetini bitirib və mühəndislik işi üzrə təhsil alıb. Bundan dərhal sonra da “ExxonMobil” şirkətində mədənlərdə işləməyə başlayıb. Ötən əsrin 90-ci illərində korporasiyanın qaz departamentində biznesin inkişafı xidmətinə rəhbərlik edib, 2006-cı ildə isə Direktorlar Şurasının sədri və baş direktor seçilib.
Rex Tillerson
R.Tillerson ABŞ-dan xam neft ixracı ilə bağlı bir neçə onilliklər mövcud olmuş qadağanın ləğvinə, eləcə də mayeləşdirilmiş təbii qaz ixracı üzrə layihələrin inkişafı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına nail olub. Onun rəhbərliyi altında “ExxonMobil” şirkləti 2014-cü ildə 34 milyard dollar məbləğində xalis mənfəət əldə edib və 80 milyard dollar məbləğində vergi ödəyib.
“Forbes” jurnalı iki dəfə Rex Tillersonu dünyanın ən nüfuzlu şəxsləri siyahısına salıb. O, 2014-cü ildə  20-ci pillədə, 2015-ci ildə isə 25-ci sırada qərarlaşıb.