Mirvari Qəhrəmanlı: “Uçan estakada balansda qəzalı kimi göstərilib”

“Uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilib”.
Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O bildirib ki, estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki, işçilərin olduğu budka yerləşirdi.
“Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?”, – deyə o, vurğulayıb.
M.Qəhrəmanlı SOCAR-ın rəhbərliyinə suallar da ünvanlayıb: “Külək daş budkanı necə apara bilər? Daşdan tikilmiş budka estakadanı uçurub, ya estakada budkanı aparıb? 150 metrlik estakada niyə uçmalıdır?Küləkdən? Bu yalan yeriməz!”
Qeyd edək ki, səhər saatlarında Xəzər dənizində yerləşən estakadanın uçması nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İşçilərdən birinin meyiti tapılsa da, digər 9 nəfərin axtarışı davam edir.