Vətəndaş Cəmiyyətinin işçi qrupu Azərbaycanda bütün siyasi məhbusları azad etməyə çağırıb

Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupu dekabrın 10-da qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar bəyanatla çıxış edib.
İşçi Qrupun koordinatoru, hüquq müdafiəçisi Rəsul Cəfərovun Turan-a göndərdiyi sənədin mətnində deyilir ki, Azərbaycanda insan haqlarının durumu ağır olaraq qalır. Bu sahədə ciddi problemlər yerli və beynəlxalq hüquq müdafiə ictimaiyyəti tərəfindən mütəmadi olaraq qaldırılsa da, təəssüfki, Azərbaycan hökuməti onların həlli istiqamətində siyasi iradə nümayiş etdirmir.
İşçi Qrup narahatlıq hissi ilə vurğulayır ki, siyasi azadlıqların boğulması, siyasi opponentlərə və fəallara qarşı amansız təqiblər nəticəsində ölkəmiz siyasi məhbusların sayına görə Avropada öncüllərin sırasında yer alıb. Təəssüf ki, onların sayı durmadan artmaqdadır.
Tanınmış jurnalist Seymur Həzi saxta ittihamlarla 2 il 3 ay, Nicat Əliyev 4 il 6 ay, sosial şəbəkə fəalları Əbdül Əbilov 3 il 1 ay, Rəşad Ramazanov 3 il 7 aydır məhbus həyatı yaşayırlar. Onlardan başqahazırda çoxsaylı digər media təmsilçiləri, şair və yazarlar da həbsdədirlər.
Tanınmış iqtisadçı ekspert və hüquq müdafiəçisi Əliabbas Rüstəmov 2 ildən artıqdır məhbus həyatı yaşayır.
NİDA Vətəndaş Hərəkatının bəzi üzvləri uzun sürən həbs həyatından sonra azadlığa buraxılsalar da, gənc fəal İlkin Rüstəmzadə 3 il 6 aydan artıqdır ki, məhbus həyatı yaşayır. Hərəkatın digər üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov keçmiş Prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqları üçün ağır işgəncələrə məruz qalıblar, onların hər ikisi saxta narkotik maddə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin barəsində dərhal azad edilmə barədə qərarınavə Avropa Şurası Nazirlər Komitəsinin həmin qərarın icrasının vacibliyi ilə bağlı qətnamələrinəbaxmayaraq Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri İlqar Məmmədov 4 ilə yaxındır həbsdə saxlanılır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədr müavinləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim də daxil olmaqla 10-a yaxın üzvü azadlıqdan məhrum edilib.
Müxalif “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli həbs edildikdən sonra qəzet öz çapını dayandırmalı olub.
Dindar fəallara qarşı, xüsusən son bir neçə il ərzində fəal şəkildə Azərbaycan hakimiyyətinin dini sahədəki siyasətini sərt tənqid edən Tale Bağırzadə və onun rəhbərlik etdyi Müsəlman Hərəkatı Birliyinin üzvlərinə təzyiqlər və təqiblər güclənib, onlarla şəxs həbs edilib, amansız işgəncələrə məruz qalıb və hazırda ən ağır ittihamlarla mühakimə edilirlər.
Siyasi təqiblər fəalların yaxınlarından da yan keçməyib və nəticədə,siyasi məhbus siyahılarında “siyasi girov” kimi tanınan çox sayda şəxslər yer alıblar.
Həm yerli, həm beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus kimi tanınmış keçmiş xüsusi təyinatlı polis bölməsinin üzvləri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 20 ildir qapalı həbsxanada saxlanılırlar.
Keçmiş müstəntiq Rüfət Səfərov, keçmiş səhiyyə naziri Əli İnsanov və daha bir neçə keçmiş dövlət məmuru hakimiyyətə qarşı çıxış etdikləri üçün siyasi motivlərlə həbs ediliblər.
İşçi Qrup siyasi məhbuslarla bağlı bu ilin noyabr ayında yaydığı hesabatında qeyd etdiyi kimi, bir daha  Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırır. Biz bu istiqamətdə zəruriolan bütün məlumatlarıdövlət qurumlarına verməyə hazırıq.
İşçi Qrup beynəlxalq ictimaiyyəti siyasi məhbus məsələsinə biganə yanaşmamağa, bu şəxslərin azadlığa buraxılması istiqamətində səylərini artırmağa və Azərbaycan hakimiyyəti qarşısında bu problemi mütəmadi və ardıcıl olaraq qaldırmağa çağırır.
Hökumət nəhayət anlamalıdır ki, insan hüquq və azadlıqların boğulması, siyasi təqib və təzyiqlər ölkəmizin stabilliyi və təhlükəsizliyi, insanların xoşbəxt gələcəyi üçün ciddi təhdiddir.