Yazdığı statusa görə qardaşını polisə aparıblar

İllustrasiya
Sosial şəbəkədən aktiv istifadə edən Azər Zeynalov deyir ki, polislə bağlı facebookda yazdıqlarına görə, bu gün mülki geyimli şəxslər evlərindən qardaşını bölməyə aparıblar. O, hadisəni belə təsvir edir:
“Səhər saat 10 olardı, işə getməyə hazırlaşarkən mülki geyimli 2 nəfər evə girdi, adımı soruşdular. Dedim siz mənim evindəsiniz, siz özünüzü təqdim edin. Özlərini təqdim etməsələr də polis bölməsindən gəldiklərini bildirdilər. Məndən adımın Orxan olduğunu soruşanda artıq şübhələndim. Bu zaman o biri otaqdan qardaşım gəlib Orxan olduğunu dedi. Qardaşımdan şikayət olduğunu və məsələni bölmədə aydınlaşdırılacağını dedilər”.
Azər Zeynalov bildirib ki, bir neçə müddətdir qardaşının adına olan səhifəni işlədir və yazdığı tənqidi statusa görə qardaşını cəzalandırmaq istəyirlər.
A.Zeynalov bölmədə qardaşının əleyhinə ifadə vermək üçün “üzəduran” gətirildiyini, 3 il qabaq Orxan Zeynalovun həmin şəxsi döydüyünü iddia etdiyini qeyd edib. O, vurğulayıb ki, bölmədə polislərə statusu özünün yazdığını bildirsə də ad-soyadını yazıb çölə çıxarıblar:
“Birinci qardaşımı içəri saldılar, ardınca həmin “üzəduran” Orxanı görən kimi onu döyənin bu olduğunu dedi, adam tanımır axı Orxan kimdi, Azər kimdi. Şəklimiz də yoxdu ki, ordan tanısın. Birinci kimi görsəydi deyəcəkdi məni bu döyüb”.
A. Əliyev qeyd edib ki, “üzəduran” Orxan Zeynalov 3 il bundan qabaq onu döydüyünü iddia edib.
“Yerimiz bəlli, yurdumuz bəlli. Necə olur ki, 2 dəqiqəyə cinayətkarı tapırlar, amma guya 3 il qabaq olmuş davaya görə Orxanı tapa bilməyiblər? Tamamilə iftiradır, qardaşım ümumiyyətlə, davakar adam da deyil”.
A.Zeynalov əlavə edib ki, polislər qardaşı Orxanı saat 16:00-da Nəsimi Rayon Polis İdarəsinə aparılacağını deyiblər.