Əhali pulu nəyə xərcləyir? – [Statistika]

2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, istehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb.
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içki və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb.
Ötən il əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat təşkil edib və 2015-ci ilin müvafiq göstəricisinə nisbətən nominal ifadədə 36,1 manat artıb. Ticarət şəbəkəsində adambaşına orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alınıb.