Türkmənistan İrana qaz tədarükünü borca görə məhdudlaşdırıb

Türkmənistan İran Milli Qaz Şirkətinin borcuna görə bu ölkəyə qaz tədarükünü məhdudlaşdırıb.
Bu barədə Türkmənistan XİN-in məlumatında bildirilir.
“İran Milli Qaz Şirkəti 2013-cü ildən başlayaraq tədarük olunan türkmən qazına görə yaranmış borcun ödənilməsi istiqamətində lazımi səylər göstərmir… 2016-cı il ərzində İran tərəfi qaz tədarükü sahəsində əlverişsiz vəziyyətin yaranması və qaz tədarükünün dayandırıla biləcəyi  barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılıb”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Türkmənistan İrana qaz tədarükünü 2017-ci ilin yanvarın 1-dən məhdudlaşdırıb.
Türkmənistan XİN-i İrana qaz tədarükünün məhdudlaşdırılması məsələsini siyasiləşdirməməyə çağırıb.
Qeyd edək ki, Türkmənistan 1997-ci ildən İrana qaz tədarük edib. Xatırladaq ki, qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir. Türkmənistan qazını Çin və İrana tədarük edir.