ABŞ müdafiə naziri Avropaya ‘sarsılmaz NATO zəmanəti’ verir

ABŞ müdafiə naziri James Mattis vəzifəsinə başladığı ilk gündə Avropa müttəfiqlərinə zəmanət verərək bəyan edib ki, ölkəsinin NATO qarşısında öhdəliyi “sarsılmazdır”
AzadlıqRadiosu-nun məlumatına görə, Pentaqonun sözçüsü deyib ki, Mattis NATO-nun baş katibi Jens Stoltenberg və Britaniyanın müdafiə naziri Michael Fallon-la yanvarın 23-də söhbət edib və ABŞ prezidenti Donald Trump-ın NATO-nu “köhnəlmiş” adlandırmasından doğan narahatlıqları cavablandırıb.
“Mattis Birləşmiş Ştatların NATO-ya sarsılmaz sədaqətini bir daha təsdiqləyib” – deyib Pentaqonun sözçüsü kapitan Jeff Davis.
Stoltenberg-lə telefon söhbətində “iki rəsmi ortaq dəyərlərin mühümlüyünü müzakirə ediblər və ABŞ naziri deyib ki, bu dəyərlərin müdafiəsi üçün müttəfiqlərə köməkdə Birləmiş Ştatlar üçün başlanğıc nöqtə həmişə Avropadır”.
“Hər iki rəsmi qarşıdan gələn aylarda müzakirələri davam etdirəcəklərini və NATO müdafiə nazirlərinin fevralda keçiriləcək müşavirəsində şəxsən görüşəcəklərini bildiriblər” – deyib Davis.
“Fallon-la söhbətində Mattis Birləşmiş Ştatlar və Birləşmiş Krallıq arasında xüsusi münasibətlərin mövcudluğunu təsdiq edib və deyib ki, iki ölkə arasında hərbi bağlar ABŞ təhlükəsizliyinin məhvəridir” – bildirib sözçü.