ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib

“Çini ABŞ-ın iqtisadi problemlərində günahlandırmaq doğru deyil. Bu problemlərin məsuliyyəti birbaşa ABŞ-ın üzərindədir. ABŞ müharibələrə xərclədiyi trilyonlarla dollarlıq vəsaiti infrastruktura və öz millətinə xərcləyə bilərdi”.
APA-Economics” xəbər verir ki, bunu “Alibaba” şirkətinin təsisçisi Jack Ma CNBC telekanalına müsahibəsində bildirib.
“Başqa ölkələr sizdən (ABŞ-dan – red.) iş yerlərinizi oğurlamır. Bu, sizin strategiyanızdır. Siz pullarınızı və resurslarınızı lazım olmayan qaydada bölüşdürürsünüz”, – deyə J. Ma qeyd edib.
Biznesmen deyib ki, ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib: “Halbuki bu vəsait ABŞ-ın infrastrukturuna yatırıla bilərdi. ABŞ-ın iqtisadi artımını zəiflədən Çin deyil, qeyd etdiyim amildir. ABŞ-ın transmilli korporasiyaları qloballaşma sayəsində milyonlarla dollarla ölçülən gəlir əldə edib. Son 30 il ərzində IBM, “Cisco”, “Microsoft” şirkətlərinin əldə etdiyi gəlir Çinin ən iri dörd bankının məcmu gəlirindən çoxdur. Bəs bu pullar hara getdi? ABŞ vəsaitləri düzgün bölüşdürmür: Uoll-Strit və Silikon vadisinə həddən artıq maliyyə axını var, halbuki bu vəsaitlər Orta Qərbə və ali təhsili olmayan amerikalılara yönəldilə bilər. Hər şəxsin Harvard universitetini bitirmək imkanı yoxdur”.