Almaniyada aksiya keçirən azərbaycanlıların yaxınlarına təzyiqlər edilir [Video]

Yanvarın 18-də Berlində Azərbaycan səfirliyinin qarşısında keçirilən aksiyada iştirak edən fəalların ailələrinə Azərbaycanda təzyiqlər olduğu bildirilir.  
Bu barədə Abzas.net-ə aksiyanın iştirakçılarından Almaniyada yaşayan azərbaycanlı Samir Qulusoy deyib.
Onun sözlərinə görə, Bakıda yaşayan yaxınları və qohumları polislər tərəfindən təhdid olunurlar:
“Aksiyada və qeyri-aksiyada “arzuolunmaz” şəxslərlə fotolarımı göstəriblər və həmişəki suallarını verərək xəbərdarlıq ediblər. Bir də deyiblər, prezident yaxşıdı, ətrafı pisdi, ona qarşı yazmasın”.
Aksiya iştirakçılarından əldə etdiyimiz məlumata görə, bir neçə nəfərin Azərbaycanda yaşayan yaxınlarına təzyiqlər edilir. Adlarının çəkilməsini istəməyən aksiyanın təşkilatçılarından olan bir nəfərin və iştirakçılardan birinin Bakıda yaşayan ailə üzvləri işdən çıxarılıblar. Digər bir aksiya iştirakçısının isə rayonların birində işləyən qohumlarına “xəbərdarlıq” edilib.
Xatırladaq ki, yanvarın 18-i Azərbaycan səfirliyinin qarşısına toplaşan aksiyaçılar Azərbaycandkı bütün siyasi məhbusların azad edilməsini, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilat və şəxslərə qarşı repressiyaların dayandırılmasını , prezident İlham Əliyevin istefasnıı və ədalətli məhkəmə sistemi yaradılmasını tələb ediblər.