Ana bir həftədir oğlunu tapa bilmir: Balamın öldüsü-qaldısı haqda bir xəbər verilsin

Zeynəb Hüseynova: “Mehriban xanım da anadı, ona üzümü tuturam, mənim balamın öldüsü-qaldısı haqda mənə bir xəbər verilsin…”
Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunanların məhkəmə prosesinin aktiv iştirakçılarından olan Əhsən Nuruzadədən artıq altıncı gündür ki, heç bir xəbər yoxdur. Nə qohum-qonşudan onu “gördüm” deyən var, nə də hüquq-mühafizə orqanlarından. 1976-cı il təvəllüdlü Əhsən Nuruzadənin anası, həyat yoldaşı və iki azyaşlı qızından ibarət ailəsi də təşviş içindədi.
Anası Zeynəb Hüseynova xəstədir, gəzə bilmir. Buna baxmayaraq, iki əl ağacının köməyi ilə polis idarələrini gəzir: “Nə olursa olsun, axır günə qədər gedəcəm. Heç kimimiz yoxdur, atası rəhmətə gedib, bir yoldaşı var, bir də mənəm. İki balasına cavab verə bilmirəm. Qızı məktəbdən gəlir, deyir ki, “nənə, dua eləyə-eləyə gəlirəm ki, qapının ağzında atamın cüt ayaqqabılarını görüm”. Kiçik qızı gecə-gündüz ağlayır ki, “ata gəl, səni çox istəyirəm, gəl məni yuxudan oyat, öp”.
Əhsən Nuruzadə
Əhsən Nuruzadənin ailəsi və vəkili Yalçın İmanov təkcə polis idarələrilə kifayətlənməyib, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ombudsman Aparatı da daxil olmaqla, bir xeyli quruma müraciət edib. Sonuncu dəfə vəkil yanvarın 28-də Daxili İşlər naziri Ramil Usubova da müraciət ünvanlayıb. Amma yenə heç bir nəticə yoxdur.
Zeynəb xanım deyir ki, Daxili İşlər Nazirliyinin “102” Qaynar Xəttinə zəng eləməkdən də utanır. Amma çaşqa əlacı da yoxdur: “Yanvarın 24-də axşam saat 5-də evdən çıxdı, bir az sonra yoldaşı nə qədər zəng eləsə də, telefonu açmadı. Bir qədər keçəndən sonra “102”yə zəng vurduq, dedilər ki, bir sutkanın tamamında 18-ci bölməyə ərizə ilə müraciət edin. Bölmədə necə dedilər, elə də ərizə yazdıq. Telefonu yanvarın 28-na qədər açıq idi. Zəng gedirdi, hətta “watsapp”a g[nd’ril’n mesajlar da oxunurdu, amma cavab vermirdilər. Yanvarın 28-də yenə 18-ci bölməyə getdim. Dedim ki, axı telefonla adamın yerini müəyyənləşdirə bilirlər, siz niyə tapmırsız? Dedilər ki, işləyirik. Daha “102”yə zəng eləməkdən də utanıram. Evimizin tinində təhlükəsizlik kamerası var, ona baxıb, Əhsənin hansı tərəfə getdiyini, onu kimlərin apardığını görə bilərlər”.
“Ailəsini ac qoyar, amma yetim-yesiri doyurar”
Zeynəb Hüseynova deyir ki, bir ananı altı gün balasından xəbərsiz qoymaq, onun öldü-qaldısını bildirməmək insanlığa sığmır. Ona görə də dövlət başçısından, onun xanımından kömək istəyir: “İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edirəm. Bazar ertəsi teleqram da göndərəcəm. Mehriban xanım da anadı, ona üzümü tuturam, mənim balamın öldüsü-qaldısı haqda mənə bir xəbər verilsin. Belə olmaz axı, bir ana balasından xəbərsiz necə yaşasın? Mən balamı istəyirəm. Əgər günahı varsa, sübutlarını qoysunlar ortaya, mənim balam da cavab versin. Mənim oğlum heç kimdən artıq deyil ki, cavab verməsin”.
Hərçənd, Zeynəb xanım oğlunun heç bir cinayət törətmədiyinə əmindir. Deyir ki, kasıb ailədilər, oğlunun pula görə oğurlanması, ya da düşmənçiliyə görə cəzalandırılması versiyası da ağlabatan deyil. Ehtimalı budur ki, Əhsən Nuruzadəni Taleh Bağırzadəyə olan hörmətinə, onun məhkəmələrinə gedib-gəldiyinə görə həbs ediblər: “Bizim düşmənimiz yoxdur. Müəllim ailəsi olmuşuq, yoldaşım müəllim idi, özüm də iyirmi ilə yaxın bir müəssisədə mühasib işləmişəm. Əhsənin rəsmi iş yeri olmasa da, təmir-tikinti işlərində fəhləlik etməklə, qohum-qonşuya kömək eləməklə çörəkpulu qazanırdı. Mən də xəstə adamam, pensiya alıram, üst-üstə qoyub birtəhər dolanırıq. Heç kimə pisliyi dəyən adam deyil. Ailəsini ac qoyar, amma yetim-yesiri doyurar .
Həm də düşmənçiliklə, ya da pula görə oğurlasaydılar, bu altı gündə bir səs çıxardı, zəng eləyib nəsə deyərdilər, nəsə istəyərdilər. Ona görə də şübhələndiyim bircə odur ki, Talehgilin məhkəmələrinə getdiyinə görə tutublar. Doğrusu, özüm də əvvəlcədən ona demişdim ki, buna görə sənə nəsə eləyərlər, mən xəstə adamam, sənin iki körpə qız balan var. Bəlkə də mən xəstə olduğuma, həm də anayam deyə, mənə deməyiblər. İndi eşidirəm ki, onu əvvəldən izləyirlərmiş”.
“Əhsən Allah adamıdı, ona nə deyə bilərəm?”
Zeynəb xanım onu da bildirir ki, Əhsən özü də hələ məktəbdə oxuyandan oruc tutur, namaz qılır, məscidlərə gedirdi. Bir ilahiyyatçı kimi, Taleh Bağırzadəyə rəğbəti də bundan irəli gəlir: “Görürsən ki, adi adamların da hansısa müğənniyə, aktyora, lap elə alimə, siyasətçiyə rəğbəti olur. Əhsən də bir ilahiyyatçı kimi, Taleh Bağırzadəyə hörmətlə yanaşır. Əhsən Allaha inanır, Allah adamıdır, mən onun qarşısını necə kəsim? Ona nə deyə bilərəm?
Əhsən həm də vətənpərvər oğuldu. Biz əslən Füzulidənik, 1985-ci ildən Bakıda yaşayırıq. Əhsən 6-cı sinifdə oxuyanda qaçıb müharibəyə getmişdi. Qohumlarım tutub geri qaytarmışdılar ki, 6-cı sinif uşağı müharibədə necə vuruşa bilər? Qayıdandan sonra fikirləşmişdi ki, Qazax tərəflərdə onu tanıyan olmayacaq, qaçıb ora getmişdi. On gündən sonra onu tapıb geri qaytardıq. Hətta o vaxt qəzetdə əsgər paltarında, çiynində avtomatla şəkli də çıxmışdı. O adam vətəni belə sevib”.