ANS: “Cənab Prezident, narahatıq ki, sizə narahatlıq gətirmişik!”

“Yeddi aya yaxındır ki, ANS-in fəaliyyəti dayandırılıb. Biz həm televiziya, həm radio, həm də internet portalı olaraq, doğma Azərbaycanımıza xidmət etmək imkanından məhrum olmuşuq. ANS yalnız onu quran təsisçilərin xüsusi mülkiyyəti deyil, xalqımızın, dövlətimizin milli sərvətidir. Bu gün biz qürurla Azərbaycan silahını dünyaya təqdim edirik. Azərbaycan muğamının beynəlxalq etirafından fəxrlə danışırıq. Azərbaycan idmançısının planetar nailiyyətlərinə sevinirik”.
Lisenziyası ləğv edilmiş ANS telekanalı kollektivinin prezident İlham Əliyevə ünvanladığı açıq məktubda belə yazılır.
Azadlıq Radiosu-nun verdiyi məlumata görə, məktubda qeyd edilir ki, yarım ildir qapalı qalan şirkət səbirlə, ölkə başçısına etibar edərək vəziyyətin aydınlaşacağına, tezliklə fəaliyyətinin bərpa olunacağına inanıb.
“25 illik tariximizdə ən böyük qazancımız ANS-in vətənpərvərlik ideyalarının ardıcıl daşıyıcısı tək qəbul edilməsi olub. Ulu öndər Heydər Əliyev məhz bu keyfiyyətinə görə, ANS-ə bir sıra hallarda ölkənin ən mühüm informasiya vasitəsi tək yanaşıb”, məktubda bildirilir.
Məktubda vurğulanır ki, ANS-in fəaliyyət göstərdiyi ofisin qapısı hazırda möhürlüdür.
“Yarım ildən artıqdır ki, biz öz əmlakımıza toxunmaq imkanından məhrum edilmişik… Elmlər Akademiyası ən qısa müddətdə buranı boşaltmağı tələb edir, işığımızı, qazımızı kəsirlər. Sığındığımız bir-iki otaqdan çıxarılmağımız üçün, az qala, mühasirə şəraiti yaradırlar ki, dözməyək və buranı tərk edək. Necə tərk edək? Niyə tərk edək? Axı bu dövlətin yaradılmasında, qurulmasında bizim də az-çox xidmətlərimiz var. Məgər biz də bir tikə çörək qazanmalı, öz ürəyimizcə olan işlə məşğul olub Azərbaycana fayda verməli deyilik?”, məktubda qeyd edilir.
Məktub müəlliflərinə görə, ANS Azərbaycan xalqına, dövlətinə, onun Ali Baş Komandanına lazımdır:
“Belə deməyə həm də bizə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi bu fikirlər əsas verir: ANS-in bağlanması bu gün hamıdan çox prezidenti və birinci xanımı narahat edir. Biz isə həm də ona görə narahatıq ki, sizə, sizin ailəyə narahatlıq gətirmişik, cənab Prezident!”.
Məktubun sonunda prezidentdən ANS-in kollektivini qəbul etməsi xahiş edilir.
Xatırlatma
Ötən il iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) müraciətinə əsasən ANS-in yayım lisenziyanı ləğv edib.
MTRŞ-nin həmin müraciətində bildirilirdi ki, ötən ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayılıb. Telekanalın ABŞ-dakı müxbiri Qənirə Ataşova ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.
Teleradio Şurası öz növbəsində müraciətini Baş Prokurorluğun məktubu ilə əsaslandırmışdı. Prokurorluğun MTRŞ-yə məktubunda qeyd olunurdu ki, ANS telekanalının terrorizmin təbliğinə yol verməsi, milli, dini ədavəti qızışdıran materiallar yayması iddiası ilə bağlı araşdırma aparılır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.
ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülenin mətbuat konfransında əməkdaşlarının iştirakını “səhv” adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.
MTRŞ ANS-in fəaliyyətini məhkəmə qərarından 11 gün öncə dayandırmışdı.