Astana danışıqlarında Suriyadan 15 müxalif qrup iştirak edir

“Suriyalı müxalif qruplar Astana danışıqlarında vahid lider və koordinasiya edilmiş strategiya olmadan iştirak edir”.
APA-nın verdiyi məlumata görə, bu sözləri Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib. O, görüşə 15 müxalif qrupun qatıldığını bildirib: “Bunlar Rusiya və Türkiyənin aktiv təşəbbüsü ilə dekabrın sonunda atəşkəs rejiminin bərpa olunmasını dəstəkləyən təşkilatlardır. Suriya müxalifət qruplarının lideri hələlik müəyyənləşməyib, lakin hər qrup öz nümayəndələri ilə təmsil olunur. Burada heç bir adamın bütün müxalifət adından danışmaq hüququ yoxdur”.
R. Vasilenko Suriya müxalifəti ilə Suriya hökuməti arasında birbaşa danışıqların aparılıb-aparılmayacağının hələ ki məlum olmadığını söyləyib. O, danışıqların çətin olduğunu, lakin dialoqun baş tutacağına ümid etdiyini vurğulayıb.
Suriya münaqişəsinin həlli ilə bağlı beynəlxalq görüşün bu gün Astanada başlaması gözlənilir. Danışıqların əsas məqsədi dekabrın sonunda qəbul olunmuş atəşkəs rejiminin bir daha təsdiqlənməsi olacaq. Suriya müxalifəti və hökuməti, Rusiya, Türkiyə, İran, ABŞ və BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura görüşdə iştiraklarını təsdiqləyiblər.