Avropa Birliyi ilə danışıqlara hazırlıq gedir

“Yaxın vaxtlarda Azərbaycan və Avropa Birliyi (AB) arasında yeni saziş üzrə danışıqlar başlayacaq”.
Yanvarın 20-də jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev belə deyib.
Trend-in xəbərinə görə, nazir müavini hazırda danışıqlara hazırlıq prosesinin getdiyini bildirib.
“Hazırda Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir”, deyən nazir müavini müzakirə ediləcək sazişin detalları haqda danışmayıb.
ÜTT-də gündəmdədir
M.Məmməd-Quliyev həmçinin, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyün də Azərbaycandan ötrü prioritet olduğunu ifadə edib. Onun sözlərinə görə, UTT ilə də danışıqlar prosesi gedir.
Nazir müavini 2017-ci ilin ilk yarısında Cenevrədə ÜTT ilə növbəti görüşün keçirilə biləcəyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir. 2004-cü ildən Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.
Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklifi verib.
ÜTT ilə isə danışıqlar 1997-ci ildən gedir.
Amma 20 ildə hələlik, real nəticə əldə edilməyib. Bəzi ekspertlərin fikrincə, əslində hakimiyyət bu quruma üzvlükdə bir elə maraqlı deyil. Çünki bu üzvlük ilk növbədə korrupsiya və inhisarın aradan qaldırılmasını tələb edir.