Cənubi Koreyanın mədəniyyət naziri həbs edilib

Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri Ço Yun Sun hökumətin yüksək təbəqələrində korrupsiya qalmaqalıyla bağlı yaradılmış xüsusi komissiyanın müstəntiqlərinin tələbi əsasında həbs edilib və vəzifəsindən istefa verib.
“Report”un “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, Ço Yun Sun ölkə prezident Pak Kın He hökumətinə qarşı tənqidi mövqedə olan mədəniyyət və incəsənət nümayəndələrini “qara siyahı”ya salmaqda şübhəli bilinir. Tərkibinə artisit, musiqiçi, mədəniyyət xadimlərinin daxil olduğu “siyahı”da 9400-dən çox nəfərin adı olub. Bu addım onlara hökumət tərəfindən hər hansı subsidiya verilməsi və yardım göstərilməsinin qarşısını almaq məqsədilə atılıb.
Məhkəmə, həmçinin Prezident Administrasiyasının keçmiş rəhbərinin həbsi üçün order verib.
Ço Yun Sun ölkə tarixində vəzifə səlahiyyətlərini yerinə yetirərkən həbs edilən ilk nazir olub.