Ekspert: “1 dollar 2 manat 80 qəpik ola bilər”

“Rəsmi statistik məlumatlara görə, ötən il Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi. Ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yeri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi”.
Bu sözləri sosial şəbəkədə iqtisadçı Qubad İbadoğlu yazıb. Onun 2017-ci ildən də gözləntiləri nikbin deyil:
“İlin birinci yarısı daha ağır olacaq. Bu dövr ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq”.
“İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. İl ərzində enerjidaşıyıcıların, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya ikirəqəmli olacaq. 2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək. Həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar.

Fikrimcə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən biri üzrə inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenaridə isə 2 manat 80 qəpik ola bilər. Bir sözlə, manatın dollara nisbətdə məzənnəsi üçün dəhliz 2 manat 20 qəpiklə 2 manat 80 qəpik arasında müəyyənləşə bilər”.
Turan-ın məlumatına görə, Q.İbadoğlu yazır ki, 2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayana kimi ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Onun fikrincə, iqtisadi islahatlar siyasi islahatlarla birlikdə aparılmalıdır.