Keçirilən beynəlxalq yarışlar Azərbaycanı nələrdən məhrum edib?!

Natiq Cəfərli: ”Hökumət idman oyunlarından imtina etsəydi, kommunal qiymətlərini əvvəlki səviyyədə saxlaya bilərdi”
“İslam oyunlarının keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub”, -gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirdiyi konfransda belə deyib.
Nazir vəsaitin 60 milyon dollarının bu il, qalan hissəsinin isə gələn il xərclənəcəyini bildirib.
Mayda Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları bugünə qədər Azərbaycanın ev sahibliyi etdiyi dördüncü böyük yarışmadır. Daha əvvəl “Eurovision” Mahnı Müsabiqəsi, 2015 Yay Avropa Olimpiya Oyunları və  Formula 1 Grand Prix yarışı keçirilib.
2017-ci ildə Azərbaycan növbəti Formula 1 yarışına da ev sahibliyi edəcək. Bu, gələcək 3 ildə də davam edəcək.
Yarış və müsabiqələrə nə qədər pul xərclənib?
“Eurovision” mahnı müsabiqənin keçirildiyi “Cristal Hall”ın tikintisinə Nazirlər Kabinetinin sərəncamı ilə bölgələrin su və kanalizasiya büdcəsindən 57 milyon manat kəsilmişdi. Azadlıq Radiosunun bu barədə araşdırmasında deyilir ki, zalın tikintisinə sonradan NK-nin 24 saylı 6 fevral 2012-ci il tarixli sərəncamı ilə daha 46 milyon 900 min manat da ayrılıb.
“Cristal Hall”un tikildiyi ərazidə yolun genişləndirilməsi, yeni yol çəkilməsi, yeraltı keçidlərin tikilməsi və s. işlərlə birgə “Eurovision” Azərbaycana 397,8 milyon manata başa gəlib.
Avropa Olimpiya Oyunlarına xərclənən vəsait
Avropa Olimpiya Oyunlarına gəlincə, 2014-cü ilin dövlət büdcəsindən Bakı Olimpiya Stadionunun tikintisinə 280, Avropa oyunları parkının tikintisinə 150, Su İdman Sarayının tikintisinə 190, stend atıcılığı üzrə kompleksin yenidən qurulmasına 70, Gimnastika kompleksinin tikintisinə 79,739, Mingəçevirdə “Kür” Olimpiya İdman Tədris Mərkəzində əlavə işlərin görülməsinə, 9.5, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin təmirinə 36,7, Əl Oyunları Sarayının təmirinə isə 27 milyon manat vəsait ayrılıb.
Dövlət rəsmiləri oyunların “əməliyyat xərcləri” üçün 2015-ci ilin dövlət büdcəsindən 1 milyard manat ayrıldığını desə də, “BBC Azərbaycanca”nın bu haqdakı hesablamaları  bu rəqəmin 5 milyard manata yaxın olduğunu göstərir.
Azərbaycanda ötən il keçirilən Formula 1 yarışlarına xərclənən vəsait açıqlanmadı. Gənclər və idman naziri Azad Rəhimov təkcə onu dedi ki, Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat ayrılıb.
“Yaranan problemlərimizin bir hissəsinin kökü həmin xərcləmələrin nəticəsidir”
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan belə yarışlara ev sahibliyi etməyə can atan nə ilk, nə son ölkədir. 2000-ci illərdə Yunanıstan keçirdiyi olimpiya oyunlarına 16-18 milyard dollara yaxın vəsait xərcləmişdi. Həmin vəsaitin geri dönüşü təmin edilmədiyindən, Yunanıstanın bu gün yaşadığı iqtisadi böhran hamıya məlumdur:
Natiq Cəfərli
“Əlbəttə ki, Yunanıstanın bugünkü durumunun təməli həmin illərdə geri dönüşü olmayan xərcləmələr etməsilə qoyuldu. Azərbaycan da son 5 ildə idman və müxtəlif beynəlxalq yarışlara milyarlarla vəsait xərclədi. Bu gün yaranan problemlərimizin bir hissəsinin kökü də həmin xərcləmələrin nəticəsidir. Özünü doğrultmayan, geri dönüşü təmin edilməyən xərclər bu gün yaşanan böhranlı vəziyyətə təsir edən amillərdəndir”.

Yarışlara xərclənən vəsaitlə nələr etmək olardı?

Natiq Cəfərli deyir ki, vaxtında həmin vəsaitlər real iqtisadiyyatın qurulmasına, qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatına qoyulsaydı, bu gün düşdüyümüz ağır durumdan xeyli yüngül böhran yaşayardıq:
“İndi kənd təsərrüfatı ilə bağlı ciddi qərarlar verib, addımlar atılması düşünülür.  Bu, 5 il öncə edilsəydi, bu gün biz onun bəhrəsini görərdik. Vəziyyətdən çıxmaq üçün kifayət qədər zamana, böyük investisiyalara ehtiyac var. İndən belə biz hər şeyi doğru etsək də, nəticəsini görmək üçün bir neçə il gözləməliyik. Ancaq son 5 ildə keçirilən yarışlara qoyulan vəsait vaxtında indiki proqramlara sərf edilsəydi, bu gün daha yaxşı vəziyyətdə olardıq”.
“Bunlar bugünkü iqtisadi vəziyyətin ağırlığının əsas elementləridir”
İqtisadçı bildirir ki, bu yarışlara xərclənən vəsait o qədər böyükdür ki, ona çox işlər görmək olardı. Həmin vəsaitə yerli istehsalın inkişafı baxımından zavod və fabriklər tikmək olardı. Bundan əlavə, həm təhsil, səhiyyə sahəsindəki problemlərin aradan qaldırmaq, həm də minimum əmək haqqı və təqaüdləri artırmaq olardı:
“Kifayət qədər vəsait qoyulmalı sahələr var. Sadəcə Azərbaycan hökuməti düşünürdü ki, neft pulları həmişə “göydən töküləcək”, qiymət həmişə yüksək olacaq. Ona görə də, son illər kifayət qədər böyük idman oyunlarının keçirilməsi ilə böyük yükün altına girdilər. F1 yarışının 5 il dalbadal ölkədə keçirilməsinə razılıq verdilər və s. Bütün bunlar bugünkü iqtisadi vəziyyətin ağırlığının əsas elementləridir”.
Gələcək 4 il və daha 330 milyon 300 min manat
Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə xərclənəcək vəsait də açıqlanıb.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bu istiqamətdə xərclərin 330 milyon 300 min manat olacağı göstərilib.
2018-ci ildə xərclər 16 milyon 717 min 700 manat, 2019-cu ildə 21 milyon 734 min manat, 2020-ci ildə isə 23 milyon 931 min 100 manat olacaq.
“İmicə zərər gəlməsin deyə geri addım atmırlar”
Natiq Cəfərli deyir ki, belə vəziyyətdən dərs çıxarmayıb, növbəti illərdə idman yarışlarına yenidən böyük vəsaitlərin ayrılması artıq iqtisadiyyatdan çıxır. Daha çox siyasi, psixoloji məsələyə çevrilir:

“Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliklərdən imtina etmək istəmir. Düşünür ki, İslam Oyunlarından, Formula 1-dən imtina etsə, imic zədələnməsi yaşayacaq. Belə fikir formalaşacaq ki, vəsait tükəndiyindən Azərbaycan hökuməti bu yarışlardan imtina edir. İmicə zərər gəlməsin deyə bu məsələlərdə geri addım atmırlar”.
“Azərbaycan, bu situasiyanı siyasi, imic məsələsinə çevirir”
İqtisadçı bunun yalnış qərar olduğunu düşünür. Deyir, son illər açıq-aşkar gördük ki, bir neçə ölkə beynəlxalq yarışları keçirməkdən imtina etdi. Hətta Norveç kimi inkişaf etmiş ölkə bundan imtina edirsə və bunu imicinin korlanması kimi alqılanacağından qorxmursa, Azərbaycanın bundan çəkinməsi yalnışdır:
“Norveçin təqribən 900 milyard dollara yaxın valyuta ehtiyatı var. Buna baxmayaraq, bir neçə dünya və Avropa çempionatlarının ölkəsində keçirilməsindən imtina edib. Bu, normal qarşılanmalıdır. Ancaq Azərbaycan, bu situasiyanı siyasi, imic məsələsinə çevirir. Hökumət Formula1, İslam Oyunları kimi yarışlardan imtina etmədikcə, problemlər daha da dərinləşəcək”.
Azərbaycan İslam Oyunlarından imtina etsəydi…
Natiq Cəfərli əlavə edir ki, gələn il İslam Oyunlarına xərclənəcək 100 milyon dollar böyük məbləğdir. Hökumət bu məbləği əhalinin boynuna qoydu. Kommunal xidmətlərin qiymətinin qalxması ilə büdcəyə 300 milyon manata yaxın vəsait daxil olmasını planlaşdırılır. İndi də məlum olur ki, bu vəsaitin böyük bir hissəsi İslam Oyunlarının keçirilməsinə xərclənəcək:
“Ən sadə müqayisə: hökumət bu oyunlardan imtina etsəydi, kommunal qiymətlərini əvvəlki səviyyədə saxlaya bilərdi”.