M.Talıblı: “Cənubi Qafqazda ən aşağı minimum əməkhaqqı Azərbaycandadır”

Prezident İlham Əliyevin 21 yanvar sərəncamı ilə Azərbaycanda bu il minimum əməkhaqqı 116 manat səviyyəsində təsdiq olunub. Bu məbləğ ötən illə müqayisədə 10,5 manat artım deməkdir.
İqtisadçı Məhəmmməd Talıblı deyir ki, illik inflyasiyanın hətta 12,4 faiz olduğunu nəzərə alsaq, ölkədə minimum əməkhaqqının ötən ilə müvafiq olaraq artım tempi inflyasiyanın sürətindən belə geri qalır.
Gürcüstandan və Ermənistandan aşağı səviyyədə minimum əməkhaqqı
“Hətta bu artımlarla belə Gürcüstandan (125 dollar), Ermənistandan (115 dollar) aşağı səviyyədə minimum əməkhaqqı Azərbaycandadır. Nəzərə alsaq ki, bizdə 116 manat 61 dollar edir, yenə də bu hədd Cənubi Qafqaz respublikaları içərisində ən aşağı göstərici hesab olunur. Cənubi Qafqazın ÜDM-nin 75 faizini formalaşdıran Azərbaycanda minimum əməkhaqqının həmin ölkələrdən müvafiq olaraq 2 və 1.9 dəfə geri qalması, sadəcə biabırçılıqdır”, – deyə iqtisadçı əlavə edib.
Azərbaycanda minimum əməkhaqqı Avropa Birliyi ölkələrindən 30-53 dəfə azdır
Məhəmməd Talıblı bildirir ki, Azərbaycanda minimum əməkhaqqını 61 ABŞ dolları olduğunu nəzərə alıb, həmin məbləği 1 ay ərzindəki 24 iş gününə böləndə isə günə 2,5 dolların düşdüyünü görürük. Onu isə 8 saatlıq iş rejiminə böləndə 0,3 dollar və ya 30 sent edir. Deməli minimum əməkhaqqı alan hər bir azərbaycanlının 1 saatda qazandığı vəsait cəmi 30 sentdir. Halbuki, Avropa Birliyinə daxil olan ölkələrdə 1 saatlıq minimum əməkhaqqı səviyyəsi 9-16 dollar arası dəyişir. Bu baxımdan həm region üzrə, həm də inkişaf etmiş ölkələr üzrə minimum əməkhaqqı səviyyəsi əhəmiyyətli sürətdə aşağıdır.
Minimum əməkhaqqı alanlar yoxsulluq səviyyəsindədir
“Bu isə o deməkdir ki, ölkədə iqtisadi rifah səviyyəsi yüksəlmir, vətəndaşların əməklərinin müqabilində gəlir əldə etmək imkanları ildən-ilə belə yüksəlmir. Bu eyni zamanda aylıq 61 dollarlıq səviyyəni Dünya Bankının yoxsulluq meyarları ilə müqayisə etsək, o zaman məlum olacaq ki, minimum səviyyədə əməkhaqqı alanlar yoxsul əhali qrupuna daxil olacaq. Digər tərəfdən isə büdcədən qidalanan bəzi sosial qruplar, o cümlədən məmurların, hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqqısında müəyyən artımlar müəyyən faizlərlə olduğu, lakin ölkə üzrə minimum əməkhaqqılara cəmi 11 manat artım nəzərdə tutulub”.
İqtisadçı ekspert vurğulayır ki, ümumiyyətlə iqtisadiyyatın müxtəlif sektorlarında çalışanların gəlirlilik səviyyəsində sürətli fərqlər meydana çıxmağa başlayıbdır ki, bu da ölkədə gəlir bərabəzrsizliyinin (Cini indeksi) daha da artıdığını göstərir.