Ofşorlar haqda qərarda bir sıra ofşorlar siyahıya salınmayıb

Əliyevlər ailəsinin ofşor izləri
“Nazirlər Kabinetinin ofşor zonalar barədə qərarı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa ziddir”.
Hüquqşünas Əkrəm Həsənov açıqlamasında belə deyib.
O, Nazirlər Kabinetinin yanvarın 6-da təsdiq etdiyi “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların siyahısı”nı şərh edib.
“Azadlıq Radiosu”-nun xəbərinə görə, hüquqşünas onu da deyib ki, Nazirlər Kabinetinin məntiqi aydın deyil.
“Siyahıda Britaniya, Niderland kimi ölkələrin əraziləri də var, müstəqil dövlətlər də. Amma bu tipli başqa ofşorlar da var ki, siyahıda adları yoxdur”, deyən ekspert qeyd edib ki, hər hansı ofşor zonaya dair məhdudlaşdırmanın ya siyasi, ya da iqtisadi səbəbi olmalıdır.
“Siyasi səbəb məsələn, Azərbaycana qarşı olan ölkə və sair ola bilər. İqtisadi səbəb kimi ofşorun verdiyi imkanların iqtisadiyyatımıza zərər vurması, vergi dərəcələrinin çox aşağı olması, yaxud heç olmaması göstərilə bilər. Nazirlər Kabineti öz siyahısını əsaslandırmayıb”, hüquqşünas bildirib.
Ekspertin fikrincə, siyahı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa ziddir.
“Qanunun 48.2.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması olmalıdır. Lakin reallıqda əksər hallarda belə əsaslandırmalar ya yoxdur, ya da çox bəsitdir. Konkret halda hesab etmək olar ki, siyahı konkret maraqlara xidmət edir. Artıq mövcud səhmdarların mənsub olduqları ofşor zonalar siyahıya daxil edilməyib”, deyə Əkrəm Həsənov hesab edir.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı 2015-ci il iyulun 1-də qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” Qanunun icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
Siyahıya bu ofşorlar daxil edilib: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland),Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu, ABŞ Virgin adaları.
Bu siyahıda Britaniya Virgin adaları, Men, Cersi, Kayman adaları və s. kimi məşhur ofşorların adı yoxdur.