Prokuror Elgiz Qəhrəmana 6 il iş istəyib

Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Elgiz Qəhrəmandan götürüldüyü iddia edilən narkotik vasitəni ekspertizadan keçirmiş Gülşən Hümbətova ifadə verib. O bildirib ki, narkotik vasitəni Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BANDOTDEL) əməkdaşı Kamil Məmmədov şöbəyə gətirib: “Bu hadisə ilə bağlı da  bir ədəd salafanda bükülü narkotik maddə gətirildi. Biz test üsulu ilə bu maddənin mənşəlinin hansı narkotik bitkiyə xas olmasını aydınlaşdırdıq. Bu tədqiqatın araşdırılması üçün bizə yarım saat vaxt tələb olunur. Rəylə birlikdə isə 1 saat ekspertiza aparıldı. Qalan bütün işləri şöbə rəisi həyata keçirir”.
E.Qəhrəmanın vəkili Fariz Namazlı isə bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sorğu verilməsi üçün vəsatət qaldırıb. Məhkəmə vəsatəti rədd edib.
Prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.
Dövlət ittihamçısı Elgiz Qəhrəmanın cinayətinin məhkəmə istintaqı zamanı şahid ifadələri ilə sübuta yetirildiyini bildirib və məhkəmədən onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses yanvarın 11-də saat 12:00-da davam etdiriləcək.